2021/09/xeqan-1632505440.jpg

line
Adı: Babazadə
Soyadı: Xəqani
Ata adı: Anar
Doğum tarixi: 13.02.2001
Şəhid olub: 03.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Xəqani Anar oğlu Babazadə 2001-ci il fevralın 13-də anadan olub. 2007-ci ildə Nail Həsənov adına Kijəbə qəsəbəsindəki tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2018-ci ildə orta məktəbi bitirən Xəqani sənədlərini Heydər Əliyev adına ali hərbi məktəbə verib. Komissiyadan əla qiymətlər alsa da, yoldaşlarının təkidi ilə imtahan verməkdən imtina edib.

Uşaqlıqdan bu peşənin arzusu ilə alışıb-yanan Xəqani sonradan hərəkəti üçün peşmançılıq keçirib. Onu böyüdüb boya-başa çatdıran xalalarına söz verir ki, həqiqi hərbi xidmətdən qayıdandan sonra onların arzusunu yerinə yetirəcək.

Şəhidin anası Gültəkin Babayeva:
- Xəqani mənim ilk övladımdır. 3 uşağım var. Türkiyədə yaşayıb, orada ayaqqabı fabrikində işləyirik. Xəqani də tam orta məktəbi bitirdikdən sonra yanıma - Türkiyəyə gəldi. 5 ay orada işlədi. Hərbi komissarlıqdan çağırış gəldikdən sonra Astaraya qayıtdı. Noyabrın 18-də oğlumun tabutu qəsəbəyə gətirilib. Karantin olduğuna görə mən Türkiyədən övladımın tabutunu qəbul etməyə belə gələ bilmədim. Yalnız onun dəfninin 3-cü gününə gəlib çata bildim".

Oktyabrın 30-da Xəqani ailəsi ilə sonuncu dəfə əlaqə saxlayıb. Böyük xalası ona dönə-dönə ehtiyatlı olmağı tapşırıb. Döyüş yolu Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Xocavənddən keçən Xəqani hər dəfə torpaqlarımız azad ediləndə böyük xalasına zəng edib, müjdəni öncə ona verirmiş. Sonuncu telefon danışığı zamanı "məndən narahat olma, özünə yaxşı bax, tez sağal",- deyib. Xalası yenə də ona yalvararaq, ehtiyatlı olmağını, sağ-salamat özünü ona çatdırmağını rica edir.

Böyük xalası Vəciyə xanım:
- Mənə dedi ki, bəlkə qayıtmadım. Bu kəlmə ox kimi ürəyimə sancıldı, telefon əlimdən düşdü. Yanımdakı qonşu qadın mənə kömək göstərdi. Dedi ki, xala, dünyanın işini bilmək olmaz sənə nə əziyyət vermişəmsə, məni bağışla, haqqını halal et. Ona dedim ki, səni lap körpəlikdən bağışlamışam. Bələkdə olandan bu günə kimi mənim tək pənahım sənsən”.


Son danışıqları zamanı Şuşaya gedəcəklərini xəbər verən Xəqanidən bir daha zəng gəlmir. Xəstə qadının halı daha da pisləşir. 18 gün ondan xəbər ala bilməyən xalası ağlına gələn hər yerə zəng vurur, əli çatan hər kəsdən xahiş edir ki, ona bir xəbər yetirsinlər. Amma noyabrın 6-da Xəqani artıq şəhidlik məqamına ucalmışdı. Bu xəbəri Vəciyə xanıma verməyə heç kəs ürək etməyib.
34 nəfər şəxsi heyətlə gedən Xəqani həmin gün bütün döyüş yoldaşları ilə birgə şəhid olub. Düşmən tərəfin atdığı fosforlu minamyot mərmisi onların həyatına son qoyub.
Təkcə Vəciyə xanımın bağışladığı əlcəyini gətirib, ona təqdim edirlər. Biçarə qadın əmin olur ki, şəhid olan onun gözünün nuru, son pənahıdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xaqani Babazadə ölümündən sonra “Vətən uğrunda”, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Müəllif: Əfsun Ələskərli