O, savaşın başladığı ilk gündən cəbhədə idi. Getdiyini atasına sadəcə bir mesajla bildirmişdi. Düşməni daha çox qovmaq, darmadağın etmək, izlərini canından artıq sevdiyi vətənindən büsbütün silmək üçün tələsirdi...
Səlimxan Vüqar oğlu Bayramov əslən Qərbi Azərbaycanın Amasya bölgəsindəndir. 1998-ci il, iyulun 13-də Sumqayıt şəhərində dünyaya göz açıb. 2005-2015-ci illərdə həmin şəhərin 3 nömrəli orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra təhsilini xaricdə davam etdirmək qərarına gələn Səlimxan 2015-2019-cu illərdə Gürcüstan Dövlət Texniki Universitetinin tələbəsi olub.
Təhsilini bitirib doğma Azərbaycana qayıtdıqdan sonra, vətənpərvərlik və milli dəyərlərimizə olan sevgisi ilə hərbi xidmətə yollanıb. 2019-cu ilin oktyabrın 28-i Sumqayıt şəhərindən əsgərliyə yollanan Səlimxan Qusarda hərbi xidmət keçib.
2020-ci il, sentyabrın 27-də Vətən Müharibəmiz başlayanda Cəbrayıl, Xocavənd rayonlarında gədən döyüşlərdə şücaət göstərib, 2 nəfər döyüş yoldaşı ilə erməni postunu tutaraq, oz doğma şəhəri Sumqayıtın adını verib.
Cəmi 22 yaşında adını qəhrəmanların sırasına yazdırmağı bacaran Səlimxan Zəngilan uğrunda döyüşlərdə şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Mərdliyi, cəsarəti, səmimiliyi, istiqanlılığı, gülər üzü və şirin söz-söhbətilə yaddaşlara əbədi həkk olub.
Ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Füzulinin azad edilməsinə görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.