Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də 27 yaşlı Asifdir. O, 1993-cü ilin 26 aprelində Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub və orada məktəbə gedib. Asif 2011-ci ilin oktyabrında hərbi xidmətə yollanıb. 2013-cü ildən etibarən Daxili Qoşunlarda xidmətə başlayıb. Özünümüdafiə və döyüş idman növləri ilə məşğul olduğu üçün Xüsusi Təyinatlı Dəstənin tərkibinə dəvət olunub.
Torpaqlarımızın azad olunması uğrunda başlanan Vətən müharibəsində ön sıralarda döyüşən Asif Murovdağ, Füzuli, Cəbrayıl istiqamətlərində ağır döyüşlərdə iştirak edib. Döyüşlər zamanı bir çox yaralı yoldaşını da xilas edib.
O, Hadrut uğrunda döyüşlərə cəlb edilən ən elit hərbçilərimizdən idi. Hətta bu döyüşlərdə düşmənlə əlbəyaxa olub və qəhrəmanlıq göstərərək şəhid olub. Döyüş yoldaşları deyir ki, Asif bir neçə düşmən hərbçisini boğaraq məhv edib.
Hərbçimiz oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərancamları ilə şəhid Asif Talıblı “ Vətən uğrunda” , “Kəlbəcərin azad edilməsi uğrunda” , “Cəbrayılın azad edilməsi uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.