2021/05/16065-4860144840.jpg

line
Adı: Əhmədov
Soyadı: Mənsur
Ata adı: Mamed
Doğum tarixi: 06.03.2002
Şəhid olub: 21.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Şəhid Əhmədov Mənsur Mamed oğlu 6 Mart 2002-ci ildə anadan olub. Laçın rayonunun Çıraqlı kəndindəndir. Ailəsi 1992-ci ildə Ermənistan tərəfindən işğal edilən Laçının Çıraqlı kəndindən köç edəndən düz 10 il sonra Abşeronun Masazır kəndində dünyaya gəlib Mənsur.

Bakının küləkli, boz havasında böyüsə də, ata-ana yurdunun yağı tapdağında olmasının çətinlikləri içində, əsl laçınlı dəliqanlısı kimi böyüyüb. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb və Daxili Qoşunlarda xidmətə başlayıb. Sentyabrın 27-də başlayan II Qarabağ savaşının ilk günlərindən cəbhədə olub. Füzuli, Cəbrayıl, Xocavənd rayonları istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Düdüklü kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.



“Evdə ikimiz qalmışdıq, o və mən. Anasını da 2014-cü ildə itirmişdik. İndi onun yoxluğunu qəbul edə bilmirəm, evin divarları üstümə gəlir ...”

Bu sözlər yeganə oğlunu – 18 yaşlı Mənsuru Vətən yolunda itirən şəhid atası Mamed Əhmədov a məxsusdur. Uca boyu, iri cüssəsi övlad itkisindən sanki qısa müddətdə əriməyə başlayıb. Amma gözlərində qəlbindəki qürur hissi aydın sezilir, ürəyinin fəxarətdən böyüdüyü sözlərindən aşkar hiss edilir: “Şəhid atası olmaq da başqa bir qürur imiş” deyir...

Mamed kişi oğlunun özəlliklərindən də yanğı ilə danışır: “Elə kiçikliyindən çox fərqli biri idi, çox ağıllı və xeyirxah. Nə qədər fikirləşirəm, onun xasiyyətində bir dənə də olsun qüsur tapa bilmirəm ki, qeyd edəm. Oğlumun itkisi məni çox göynətdi, çox ağrıtdı, amma bir ona sevinirəm ki, Mənsurumun və onun kimi şəhidlərimizin qanı yerdə qalmadı. Onların sayəsində torpaqlarımız 28 illik əsarətdən xilas oldu. Bununla çox təskinlik tapıram. Laçını, Çıraqlını ömründə bir dəfə də görməyən Mənsur bizi Çıraqlıya – ata yurdumuza qaytarır. Bu məni xeyli sakitləşdirir.

Bir də xalqın və dövlətin şəhid adına göstərdiyi diqqət mənə təskinlik verir. Mənsurun dəfnində heç tanımadığım yüzlərlə insan iştirak edirdi. O cümlədən, Abşeron rayon icra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova həm dəfndə yüksək səviyyədə iştirak etdi, həm də bizimlə vaxtaşırı maraqlanır, diqqətdə saxlayır. Buna görə ona da ayrıca təşəkkürümü bildirirəm”.

Şəhid atası deyir ki, onlar məcburi köçkün kimi Abşeronun Masazır kəndində məskunlaşsalar da, Laçın rayon sakinidirlər və tezliklə doğma torpaqlara qayıdacaqları günü səbrsizliklə gözləyirlər.



Mamed Əhmədov şəhid övladı ilə bağlı qəlbindən keçən istəyini də söylədi, bununla təsəlli tapa biləcəyini gizlətmədi:

“Mənsur Masazırda yerləşən Çıraqlı kənd orta məktəbində təhsil alıb. Bütün müəllimləri ondan ağızdolusu danışırlar. İndi məktəbin kollektivi belə bir təklif irəli sürürlər ki, həmin məktəbə Mənsurun adı verilsin. Belə bir iş olarsa, mən də təsəlli taparam”.

Burada onu da qeyd edək ki, istər 1990-cı illərin əvvəlində I Qarabağ savaşında, istərsə də II Qarabağ savaşında Çıraqlı kəndinin onlarla gənci vətən uğrunda qəhrəmanlıqla savaşıb, xeyli yaralananlar olub, lakin xoşbəxtlikdən şəhid olan olmamışdı. Mənsur Əhmədov həm də bu kəndin, Çıraqlı elinin ilk şəhidi kimi bu camaat üçün ayrıca əziz və qiymətlidir. Ona görə də bu təklif onların hər biri üçün əhəmiyyətlidir.

Sözügedən məktəbin direktoru İlham Çıraqov bizimlə söhbətində Mənsuru belə xarakterizə edir:

“Mənsur özünün bir çox davranışları ilə digər şagirdlərdən həqiqətən fərqlənirdi. Onun vətən sevgisi uşaqlığından bütün hərəkətlərində biruzə verirdi. Biz işğal olunmuş bölgələrimizlə bağlı tədbirlər keçirəndə Mənsur hamıdan fəal olurdu, lazım olan işləri canla-başla, ürəklə yerinə yetirirdi. Bu, onun vətənpərvərliyindən irəli gəlirdi. Elə Vətən yolunda da canından keçdi.

Mənsurun xatirəsi bizim üçün hər zaman əziz və uca olacaqdır”.