Vüsal İsmayılzadə 2001-ci il oktyabr ayının 17-də Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. 2007-2018-ci illərdə Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 322 nömrəli tam orta məktəbdə təhsil alıb.2018-ci ildə orta məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrın 23-ü Hərbi Komissarlığa çağırılır.
Sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Vüsal İsmayılzadə əsgər yoldaşları ilə birlikdə əvvəlcə Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərir. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında komandiri və əsgər yoldaşları ağız dolusu danışırlar.
Oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərə qatılırlar və əsgər yoldaşları ilə raket atəşinə tutulurlar. Əsgər yoldaşları ilə birgə Vüsalda yaralanır. Yaralıları aparmağa maşın gələndə Vüsal əsgər yoldaşlarının maşına mindirilməsində köməklik göstərir. Ona özünün də minməsini də təklif etsələr də o onun daha çox yardıma ehtiyacı var deyərək öz yerinə digər əsgəri mindirir və növbəti kömək üçün maşının gəlməsini, yaralı dostlarını tək qoymamağı seçir. Yaralı halda çoxlu qan itirdiyindən Vüsal növbəti maşınla hərbi hospitala çatdırılanadək Şəhidlik zirvəsinə ucalır.
22 oktyabr 2020-ci ildə doğulduğu Buzovna qəsəbəsində dəfn olunub.
Azərbaycan nın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərənacamına əsasən "Vətən uğrunda", Cəbrayıl, Xocavənd və Füzulinin azad olunmasına görə medalına təqdim olunub.
“Mən ona Vətən oğlu deyirdim”
Bu sözləri qəhrəmanımın anası Lalə xanım oğlu haqqında danışarkən söyləyir.
Lalə xanım deyir ki: “Vüsal bir oğul kimi qayğıkeş, zəhmətkeş və sakit təbiətli idi. 7-ci sinifdən yay tətillərini işləyər evə köməklik edərdi. İşlədiyi yerlərdə böyük hörmət qazanmışdı. Oğlum boş vaxtlarında döyüş filimlərini izləməyi sevirdi. Bununla yanaşı futbola həddindən artıq həvəsi var idi.”
Şəhid anası Lalə xanım: “Mən bir Ana olaraq öz oğlumla fəxr edirəm. Fəxr edirəm ki, Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə, mənim oğlumun da böyük rolu olub. Və o, Şəhidlik zirvəsinə ucalıb. Allah bütün Şəhidlərimizə rəhmət etsin.”
Lalə xanım qızı Rəhiməxanmla birlikdə Vüsalın xidmət etdiyi hərbi hissədə olub, onun komandirləri və silahdaşları ilə görüşüblər. Batalyonun divar qəzetində Vüsal İsmayılzadənin nümunəvi xidmət göstərməsi haqqında məqaləni böyük fəxarət hissi ilə oxuyub, “Şərəf lövhəsi”nə vurulmuş şəklinə qürurla tamaşa ediblər.
Döyüşçü dostları bu gün də Vüsalı göz yaşı ilə anırlar. Onlar “Vüsalsız sanki hərbi hissəmiz boş qalıb” deyirlər. Onun nə qədər mehriban, qayğıkeş, hamıya qardaş, ən əziz, doğma insan kimi münasibət bəslədiyini dönə-dönə vurğulayırlar.
Vətənpərvərlik Azərbaycan balalarının genetik kodundadır, Vüsalın isə Lalə xanım kimi vətənpərvər bir müəllimin övladı olması, onun məhz bu hissin gələcək addımlarına hakim kəsilməsini şübhəsiz edir. Vətən Vüsal İsmayılzadə kimi igid, cəsur, qorxmaz və ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı naminə canlarını fəda etməyə hazır olan övladlarımız, əsgərlərimiz, qazilərimiz, könüllülərimiz və hərbçilərimiz hesabına yaşayır, bayrağımız isə daim ucalardan-uca zirvələrdə dalğalanır.
Bu gün biz Vüsal İsmayılzadəni və bütün Şəhidlərimizi ehtiramla anır, onları Vətən üçün böyüdüb boya-başa çatdıran Anaların qarşısında baş əyir və onların qürurla ifadə etdikləri “Vətən sağ olsun!” nidasına qoşularaq, bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik.