Ağasadıq Aslanov 1991-ci il martın 1-də Neftçala rayonunun Kür Qarabucaq kəndində anadan olub. Atası deyir ki, hərbçi olmaq oğlunun ən ümdə arzusu idi.
Hərbi xidmət zamanı göstərdiyi cəsarət və fəallıq komandirlərin gözündən yayınmayıb və pilotsuz aparatların idarə edilməsi kursuna qəbul edilib. Hər şey yaxşı gedirdi qəhrəmanımız üçün. Axı Vətənə faydalı olmaq arzusuna çatmışdı. Təlim zamanı yiyələndiyi bilikləri döyüşdə bacarıqla tədbiq edərək düşmən istehkamlarını dəqiq hədəf almaqla göz qırpımında məhv edirdi. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda izini qoyub Ağasadıq. 42 gün durmadan cəsarətlə döyüşüb. İgidimiz Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub. Həm də müharibənin bitməsinə bircə gün qalmış...
Onun əziz xatirəsinə ehtiramını göstərmək üçün neftçalalılar yollarını Aslanovlar ailəsinin evindən salırlar. Birgə xatırlayırlar onu, həm də xatırladırlar Ağasadığın xəyallarının necə həyata keçməsini, torpaqlarımızın bizə qovuşmasını, ruhunun şad olmasını. Unutmurlar, çünki Vətən, torpaq uğrunda canını fəda edənlər unudulmaz!
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ağasadıq Aslanov ölümündən sonra "Vətən uğrunda","Xocavəndin azad olunmasına görə","Şuşanın azad olunmasına görə" medalları ilə və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.