Nihad Akif oğlu Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 18 yaşında isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olunub.
2012-ci ildə "leytenant" rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə təlim kursunu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilirdi.
Şəhidin atası Akif kişi deyir ki, oğlunun kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi təlimatı 2018-ci ildə Naxçıvanda “Günnüt əməliyyatı" zamanı alıb: “Özü sonralar danışırdı, deyirdi, "ata, üç gün eyni mövqedə uzanıb gözlədim. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum”.
Qeyd edək ki, “Günnüt əməliyyatı” nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib.
Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək, Qarabağda döyüşlərə qatılması üçün xahiş edib. Bundan sonra oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb. Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib. Bu döyüşlərdə həm avtomat, həm də zirehli texnika əleyhinə olan “RPG 7” ilə təchiz olunub.
Qəhrəmanımız oktybarın 29-də Füzuli rayonun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub.
Şəhid Nihad Babayev ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" , “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə”,"Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilib.
Şəhid atası Akif Babayev deyir ki, oğlu vurulandan sonra da bir neçə dəqiqə döyüşə bilib: “Nihad özü peşəkar snayper idi. Həmişə söhbət edəndə yarızarafat-yarıciddi deyirdi ki, məni adi silahlarla öldürmək mümkün deyil, məni ancaq snayper vura bilər. Elə dediyi kimi də oldu...”
Nihadın döyüşdə yaralanan hərbçi yoldaşı Kərim Əliyev deyir ki, qızğın döyüş zamanı ilk o yaralanıb. Daha sonra isə komandiri ona yaralandığını deyərək ondan özünü qorumasını istəyib. Bundan sonra Nihad nərilti çəkərək irəli hücuma keçib və rəhbərlik etdiyi qrupdan xeyli irəlidə təkbaşına döyüşüb. Təxminən 10 dəqiqə döyüşdükdən sonra snayper tərəfindən vurulub.