Hərbi xidmətə 2012-ci ildə Lənkəran şəhəri "N" saylı hərbi hissədə başlayıb. Orada da idmana ara verməyib. Kiçik çavuş Yadigar Əliyev Mülki Müdafiə Qoşunları arasında keçirilən sərbəst güləş üzrə yarışlarda 1-ci və 2-ci yerləri qazanıb. Fəxri fərman və medallarla təltif edilib. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Sərbəst güləş üzrə birinciliyində yüksək səviyyədə hakimlik etdiyinə görə diplomla təltif edilib. 2014-cu ilin yanvar ayında hərbi xidmətdən təxris olunub.
Yadigar 2020-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Həmin ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası "N" saylı hərbi hissəsində kurs keçib. Aprel ayında təlimlərdə yüksək səviyyədə iştirak etdiyinə görə komandir tərəfindən çavuş rütbəsi alıb və medalla təltif edilib. Yadigar Əliyev Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlılarının Baş kəşfiyyatçısı təyin edilib.
Vətən müharibəsi başlayanda könüllü olaraq Naxçıvandan gəlib döyüşlərə qatılıb. Qubadlı və Şuşa şəhərləri uğrunda vuruşub. Əlbəyaxa döyüşlərdə iştirak edərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Yadigar oktyabrın 30-da yaralı əsgərini xilas edərkən düşmənin atdığı snayper gülləsi nəticəsində şəhid olub və doğulduğu Qaradağlı kəndində dəfn edilib.
Xüsusi Təyinatlı Qüvvələrin çavuşu Yadigar Əliyev ölümündən sonra
"Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" və
"Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.