Fuad Valeryeviç Məmmədov 1 avqust 1998-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub.
2004-cü ildə Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2015-ci ildə orta məktəbi bitirdikdən sonra Milli Aviasiya Akademiyasına daxil olub. 2020-ci ildə "Helikopter pilotu" ixtisası üzrə təhsilini tamamlayıb. Həmin ilin may ayında hərbi xidmətə çağrılıb və motoatıcı hissəsində qulluq etməyə başlayıb. "Səma" ansamblında rəqslə məşğul idi. Təhsil müddətində Türkiyə, Gürcüstan və Rusiya kimi ölkələrdə rəqs turlarında iştirak edib. Bakıda "Jara" filminin çəkilişlərində iştirak edib və əsas aktyorlardan birinin dublyoru olub.
O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
21 oktyabr 2020-ci ildə işğal olunmuş ərazilərin azad edilməsi üçün mübarizə apararkən cəbhənin Xocavənd istiqamətindəki döyüşdə həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
***
"Oğlum şəhid olan gün qolumdakı saat qəfil dayandı"
Bu sözləri ikinci Qarabağ müharibəsində şəhid olan əsgər Fuad Məmmədovun anası Mətanət Məmmədova deyib. Ananın sözlərinə görə, hazırda o oğlunun saatını taxır:
"Hal-hazırda oğlumun şəhid olduğu an qolunda olan saatı taxıram, o, qanlar içində idi. Bu saat ona komandiri tərəfindən ad günündə hədiyyə edilmişdi və hələ də işləyir. Öz saatım isə Fuad şəhid olan gün qəfil dayandı".
Fuad Məmmədovun atası Valeri Dışin isə bildirib ki, oğlu yardımsevər biri olub:
"O, heç kəsi darda qoymazdı. Hər kəsə daim kömək etməyə çalışardı. Fuad layiqli bir övlad olub. Bu cür övladı itirmək çox ağırdır. Vətən sağ olsun!"