2021/05/13643-1620066871.jpg

line
Adı: Elnur
Soyadı: Mustafayev
Ata adı: Nəcəf
Doğum tarixi: 11.02.2002
Şəhid olub: 30.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Elnur Mustafayev də Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biridir.

Şəhid Elnur Nəcəf oğlu Mustafayev 9 fevral 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Kəlbəcərin Ağcakənd, anası isə Oruclu kəndindəndir. Qeyd edək ki, Elnurun ata babası olan Abbas Mustafayev Kəlbəcər elinin tanınmış söz ustadlarından biri olub. "Dəmirçi" təxəllüsü ilə yazıb-yaradan Abbas kişinin bir neçə kitabı işıq üzü görüb. Onun ana babası Zakir Rüstəmov isə uzun illər Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbinin direktoru, həmçinin ingilis dili müəllimi işləyib.

Valideynlərinin, qohumlarının erməni terrorçularının işğalı nəticəsində öz yurdlarından qaçqın düşməsi Elnurun həyatında iz qoymaya bilməzdi. Uşaq vaxtlarından valideynlərindən, qohumlarından, xüsusilə də Firuzə nənəsinin dilindən düşmən tapdağı altında qalan yurdu barədə xoş xatirələri dinləyərək böyüyürdü Elnur. Bütün bunlar, həmçinin kiçik yaşlarından onun ailəsinə, vətəninə, dininə və mənəvi dəyərlərinə olan bağlarını daha da qüvvətləndirir, onun vətənə, qəhrəmanlarımıza olan sevgisinin formalaşmasında xüsusi rol oynayır.

Elnur kiçik yaşlarından idmanın güləş növü ilə məşğul olmağa başlayır. Güclü bədən quruluşu ona bu sahədə tez bir zamanda uğurlar qazanmağa imkan verir. O, yerli, həmçinin xarici (Türkiyə, İran, Dağıstan (Rusiya), Gürcüstan) yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə edir. İran İslam Respublikasında, 2017-ci ildə Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə 1-ci yerə layiq görülür. O, evə gələrək böyük sevinc hissi ilə anasına deyir ki, "Ana, mən bu medalı Şəhidlərimiz üçün qazandım".

Elnur xasiyyətcə çox mehriban, gülərüz və dostcanlı biri idi.

Nəhayət, Elnur 18 yaşı tamam olduqdan sonra 2020-ci il mayın 7-si hərbi xidmətə yollanır. 27 sentyabr 2020-ci il tarixində xain düşmənin növbəti təxribatından sonra şanlı Azərbaycan ordusu yağı düşmənə qarşı genişmiqyaslı əməliyyata başlayır. Elnur da ilk gündən müharibədə iştirak etməyə başlayır. Cəsarət və şücaəti ilə seçilən Elnur müxtəlif istiqamətlərdə, o cümlədən də Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Şuşa istiqamətindəki döyüşlərdə iştirak edir. Atası ilə telefon danışıqlarından birində içərisi düşmənlə dolu olan 2 maşını məhv etdiyini deyir. Sanki o, şəhid olacağını çox-çox əvvəldən hiss edirmiş və hər fürsətdə ailəsini buna hazırlayırdı. 30 oktyabrda Qırmızı Bazar istiqamətindəki şiddətli döyüşlərə qatılır. Şəhid silahdaşının döyüş meydanında qalan nəşini gətirərkən xain düşmənin gülləsinə tuş gələrək Şəhidlik zirvəsinə ucalır. 31 oktyabr 2020-ci il tarixdə Elnur böyük izdiham ilə Sulutəpədə yerləşən Şəhidlər məzarlığında torpağa tapşırılır.

Elnur Mustafayev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" və Cəbrayıl, Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.