44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də 19 yaşlı şəhid Qurbanəli Quluzadədir.
Qurbanəli Elşad oğlu Quluzadə 2001-ci il iyunun 25-də Xəzər rayonunun Binə qəsəbəsində dünyaya göz açıb. Quliyevlər ailəsinin 3 övladının ən böyüyü olan Qurbanəli 2008-ci ildən 2019-cu ilə kimi Binə qəsəbəsindəki 136 və 121 saylı tam orta məktəblərdə təhsil alıb.
Yunan-Roma güləşi ilə də məşğul olan Qurbanəli orta məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Xidmətdə olduğu 1 il ərzində peşəkar bir döyüşçü kimi formalaşıb. Vətən Müharibəsi başlanandan cəbhənin Füzuli, Hadrut və Xocavənd istiqamətlərində gedən şiddətli döyüşlərdə fəal iştirak edib, bir sıra ərazilərimizin işğladan azad olunmasında xüsusi şücaət göstərib. Qurbanəli oktyabrın 21-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə yanında minaatan mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
“Həmişə deyirdi ki, anam, qorxma. Hər şey yaxşı olacaq. Mənə deyirdi ki, ağlama. Sağ-salamat qayıdıb gələcəyəm. Hərdən elə bilirəm ki, oğlum qayıdıb gələcək. Uzaq bir səfərdə, yoldadır”.
Valideynləri Elşad Quliyev və Elmira Quliyeva şəhidimizi vətənpərvər, qorxmaz və cəsur bir övlad kimi xatırlayırlar. Atasının sözlərinə görə, Qurbanəli mehriban uşaq olub: “Uşaqlıqdan idmanla məşğul idi. Döyüşdə olduğunu bizə bildirmirdi ki, narahat olarıq. Sonradan bildik ki, qabaqdadırlar, döyüşürlər. Telefonla danışanda həmişə deyirdi ki, yaxşıyam. Sonuncu dəfə danışanda dedi ki, ata, haqqını halal et. Danışanda telefondan atışma səslərini eşidirdim”.
Anası Elmira xanımın dediyinə görə, Qurbanəli valideynlərini, ailəsini çox sevirdi: “Hər sözü-söhbəti mənimlə idi. Məktəbdə də pis oxumurdu. Qiymətləri hər zaman 4-5 olub. Onun arzuları, xəyalları çox idi. Əsgərlik yaşı çatanda hərbi xidmətə yollandı. Demişdi ki, hərbi xidmətdən qayıdandan sonra ali təhsil alacağam. Alın yazısı belə imiş”.
Qardaşı Sahib deyir ki, Qurbanəli ona qardaşdan əlavə həm sirdaş, həm də arxa-dayaq olub. O, qardaşı ilə qürur duyduğunu və gələcək nəsillərin onu örnək kimi görəcəyini bildirib: “Şəhid qardaşı olmaqla qürur duyuram. Ömrümün axırına kimi başımı dik tutacağam və qardaşımla fəxr edəcəyəm. Qardaşım gələcək nəsillər üçün örnəkdir. Komandiri və əsgər yoldaşları qardaşımın məzarını ziyarət edən zaman onlarla söhbət etdim. Onların hər biri Qurbanəlidən razılıq etdilər və onun igid, qorxmaz döyüşçü olduğunu bildirdilər. Komandiri dedi ki, o, bütün döyüşlərində fəal iştirak edib”.
Şəhidin dostu Şahsuvar Cəbrayılov Qurbanəlini özünə doğma qardaş sayır: “Uşaqlıqdan həmişə bir yerdə olmuşuq. Heç vaxt bir-birimizi tək qoymazdıq. Ayrı qalsaq da, Allaha tapşırırdıq bir-birimizi. Elə bil ki, doğma qardaşımı itirmişəm mən”.
Qurbanəlinin müəllimləri onu orta məktəbdə təhsil aldığı zaman istedadlı, bacarıqlı və ağıllı bir şagird kimi xatırlayırlar. Şəhidin sinif rəhbəri, I Qarabağ müharibəsinin iştirakçısı Əvəz Rüstəmov deyir ki, Qurbanəli Qarabağın işğalda olması ilə barışa bilmirdi: “Demək olar ki, onu tanıyandan o uşaqdakı vətənpərvərlik hissini görürdüm. Hər zaman idman dərsində, hərbi dərslərdə fəal iştirak edirdi. Gəlib mənimlə söhbət edəndə deyirdi ki, niyə belə oldu, torpaqlarımız niyə işğal olundu. Qurbanəli demişdi ki, müəllim, narahat olma, inşallah, o torpaqları biz alacağıq. Dedim, ay Qurbanəli, Allah ağzından eşitsin. Biz o torpaqları geri ala bilmədiksə, Qurbanəli və onun kimi igidlərimiz işğalda olan torpaqlarımızı azad etdi”.
Şəhidin müəllimi Adil Səmədov bildirib ki, Qurbanəli çox hörmətli və məsuliyyətli şagird idi: “Həmişə digər şagirdlərdən seçilirdi. Çox istedadlı uşaq idi. Şeir yazma qabiliyyətinə malik idi. Allah onun valideynlərinə səbr versin!”
Hərbi xidmətə yollanmamışdan əvvəl dostları ilə təşkil etdiyi yolasalma mərasimində çıxış edən Qurbanəli lazım olsa, döyüşlərə qatılmağa hazır olduğunu bildirmişdi.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə əsgər Qurbanəli Elşad oğlu Quluzadə ölümündən sonra “Vətən uğrunda”, Cəbrayıl, Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.