Murad Yunusov Bayram oğlu 2001-ci ildə Kürdəmirin Şahsevən kəndində dünyaya göz açıb. O, rayonun Köhnəbazar kənd orta məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb.
2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başlayanda Murad artıq bir il idi ki, əsgər idi. Füzulidən döyüşlərə başlayan Murad Xocavəndin, Cəbrayılın, Zəngilanın, Qubadlının azad edilməsi uğrunda igidliklə vuruşub. Son döyüşü Şuşa istiqamətində olub və noyabrın 4-də şəhidlik zirvəsinə ucalıb. İndi o, dünyaya göz açdığı Şahsevən kənd qəbiristanlığında uyuyur.
Kürdəmirin Şahsevən kəndində şəhidin adına tikilən bulaq onun ad günündə açılıb. Yaşasaydı, Muradın 20 yaşı tamam olacaqdı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Yunusov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib .
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.