İsmayılov Rabil Elbrus oğlu 12 fevral 1980-ci ildə Gəncə şəhərində doğulmuşdur.
1987-ci ildə M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1997-ci ildə orta təhsilini başa vurmuşdur.
1997-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş, 2001-ci ildə ali təhsilini başa vurmuşdur.
2001-2003-cü illərdə Gəncə Dövlət Universitetində magistratura təhsili almışdır.
2003-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidməti borcunu yerinə yetirmişdir.
2017-2020-ci illərdə Gəncə şəhər M.Müşfiq adına 14 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləmişdir.
27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Rabil İsmayılov 16 oktyabr 2020-ci il tarixdə yenidən hərbi xidmətə çağrılmışdır. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan rayonlarımızın azadlığı uğrunda vuruşmuşdur.
2 noyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
3 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qarabağ döyüşlərində öz şagirdlərinə əsl qəhramanlıq nümunəsi olan igidimiz, məktəbdə müəllim, cəbhədə bir vətən oğlu kimi savaşdı.
Xocavənd istiqamətində gedən döyüşlərdə ən yüksək mərtəbəyə şəhidlik zirvəsinə ucaldı. İsmayılovlar ailəsi kimi çalışdığı Mikayıl Muşfiq adına 14 saylı orta məktəbə də dərin bir hüzün çöküb.
Müəllim yoldaşları onun ölümünə inana bilməsələrdə tək təskinlikləri Rabil İsmayılovun vətən üçün əbədi gözlərini yumması, şəhiflik zirvəsinə yüksəlməsidir. Rabil İsmayılovun dərs dediyi sinifə şəhidin adı verilib.
Bu gün qəhraman şəhidimizlə hər kəs fəxr edir. Şagirdləri isə iki qat fəxr hissi yaşamaqdadır. Vətən sevgisini şagirdlərinə öz canı ilə aşıladı Rabil müəllim.
İkinci Qarabağ müharibəsi tarix dərsliklərində bir qəhramanlıq yolu kimi aşılanacaq gənc nəsilə. Bu döyüşlər bir daha onu göstərdiki vətən dedikdə vəzifə və kimliyindən aslı olmayaraq hər birimizi dəmir yumruğa çevrildik. Ruhun şad olsun əsl müəllim, qəhraman vətən olğu.