Müharibə Yer üzünün ən böyük fəlakətidir. Elə bir fəlakət ki, hər dünyadan köçən can bir çırağı söndürür. Amma bir xalq ki, hər şeyə rəğmən sonda "Təki Vətən sağ olsun!" deyirsə, deməli, həmin xalq qalibiyyətə layiq xalqdır. Şəhid valideynləri bayrağa sığınaraq, bayrağı bağrına basaraq hönkürsələr də, onların gözlərində bir məğrurluq, bir fəxarət hiss olunurdu. Çünki onlar canını Vətənə fəda edən bir övlad böyütmüşdülər. Belə igid, qorxmaz qəhrəmanlarımızdan biri də İkinci Qarabağ savaşında şəhid olan Nurlan Həsənovdur.
Nurlan Nadir oğlu Həsənov 1991-ci il mayın 19-da Şuşa şəhərində anadan olub. O, ailənin ilk övladı idi. Ailə I Qarabağ müharibəsindən sonra öz doğma torpaqlarından didərgin düşüb və məcburi köçkün kimi Bakıda məskunlaşıb.
Nurlan 1997-ci ildə Bakıda Şuşa şəhər 3 nömrəli tam orta məktəbinə daxil olub, 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurub. 2008-2012-ci illərdə Azərbaycan Texnologiya Universitetinin “İnzibati idarəetmə“ ixtisası üzrə təhsil alıb. Nurlan hər zaman vətənpərvərliyi, mərdliyi, əsl kişi xarakteri ilə çoxlarından fərqlənirdi. 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətli leytenant kimi Gəncədə “N” sayli hərbi hissədə xidmət çəkib və 2014-cü ildə ehtiyyatda olan zabit kimi təxris edilib.
Və nəhayət, Nurlan da minlərlə cəsur oğullarımız kimi 2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qoşulub. Azərbaycan Ordusunun leytenantı olan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Həsənov oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nurlan Həsənov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb. Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə fəal iştirak edən Nurlan, “Ana, məndən narahat olmayın, burada hər şey yaxşıdır, Şuşanı almağa gəlmişəm”, deyirdi...