Bir xalq hər şeyə rəğmən "Təki Vətən sağ olsun!" deyirsə, deməli, həmin xalq qalibiyyətə layiq xalqdır. Şəhid valideynləri bayrağa sığınaraq, bayrağı bağrına basaraq hönkürsələr də, onların gözlərində bir məğrurluq, fəxarət hiss olunurdu. Çünki onlar canını Vətənə fəda edən övlad böyütmüşdülər. Belə igid, qorxmaz qəhrəmanlarımızdan biri də Akşin Ağayevdir.
Ağayev Akşin Şirvan oğlu 1 iyun, 1993-cü ildə Ulacalı kəndində dünyaya gəlib. 1999-2010-cu illərdə B. Ağayev adına Ulacalı kənd tam orta məktəbində təhsil alıb. Məktəbi orta qiymətlərlə oxusa da, vətənpərvərliyi, fərdi bacarığı, hərbi sahəyə marağı ilə seçilib. O, 2011-ci ildə vətən borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb və Gəncədə yerləşən Piyada qoşunlarına hərbi hissədə xidmət edib.
Elə ilk günlərdən ciddiliyi, düşdüyü şəraitdən baş çıxarması, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməsi ilə komandanlığın diqqətini çəkdiyinə görə “kiçik çavuş” rütbəsi verilməklə “manqa komandiri” təyin edilib. 2013-cü ilin yanvar ayında hərbi xidmət müddətini uğurla başa vuraraq evə qayıdıb. Müxtəlif işlərdə çalışmaqla ailəsinə maddi dəstək olan gənc, müharibə xəbərini həssaslıqla qarşılayıb və hərbi komissarlığa müraciət edərək könüllü surətdə cəbhəyə yollanıb.
2020-ci ilin 9 oktyabrından Xüsusi Təyinatlı Qoşunların Həmlə qrupunda kəşfiyyatçı kimi döyüşlərə qatılmış Aqşin Ağayevin döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının ərazilərindən keçib. O, manqa komandiri kimi bir sıra ağır və şiddətli döyüşlərin iştirakçısı olub, rayon, kənd və qəsəbələrin işğaldan azad edilməsində igidlik göstərib. Döyüş meydanlarından yaralı yoldaşlarının çıxarılmasında, düşmənin canlı qüvvə və hərbi texnika sarıdan itkilər verməsində Aqşinin xüsusi xidmətləri olub.
Xocavənd uğrunda gedən çətin və qətiyyətli döyüşlərdən sonra yenidən Füzuliyə qayıdan ordu hissələrinin tərkibində döyüşü davam etdirən Aqşin 27 oktyabr 2020-ci il, növbəti kəşfiyyat tapşırığından geri dönərkən sevdiyi vətəni yolunda borcunu qanı və canı ilə ödəyərək, müqəddəs şəhidlik zirvəsinə ucalıb...
Doğulub böyüdüyü doğma kəndində torpağa tapşırılan şəhid Aqşin Ağayev, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” , və "Cəbrayılın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Aqşin ailəli idi və Zümrüd adlı azyaşlı qızı var. Ailənin yeganə oğul övladı olan Aqşinlə valideynləri fəxr edir və qürur hissi keçirirlər. Vətən uğrunda qurban gedən bütün şəhid övladlarını öz balası hesab edən ana, “Mən oğlum üçün acıyıram, göz yaşı tökürəm, amma bilirəm ki, Vətən malik olduğumuz hər şeydən bir addım öndədir və bu hisslərlə rahatlıq tapıram...”-deyir.