Elvin Elçin oğlu İslamov 1995-ci ildə Bakı şəhərinin Yasamal rayonunda anadan olub. 158 saylı orta məktəbi bitirib. 2013-2014-cü illərdə Xocavənd rayonunda xidmət edib. Əsgərliyini başa vurduqdan sonra Bayraq meydanında mühafizəçi işləyib.
Elvin sentyabr ayının 21-də təlimlərə yollanıb. Vətən Müharibəsinin ilk günündən ağır döyüşlərə qatılaraq, Füzuli və Cəbrayılın azad olunması uğrunda savaşıb. 2020-ci ilin oktyabrın 9-da Füzuli rayonu Qorqan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Elvin Elçin oğlu İslamov ölümündən sonra "Vətən Uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Anası Sevinc İslamovanın sözlərinə görə, Elvin kəşfiyyatçı olub. Sentyabrin 21-də səfərbərlik üzrə çağırışa gedib və 1 həftə təlimdə olub. Sentyabrın 27-də isə oradan cəbhəyə yola salınıb. Oktyabrın 4-nə kimi Elvinlə əlaqə saxlaya biliblər: “Elə bil ürəyinə dammışdı. Hamıdan hallalıq alıb Elvin. Mənə deməyib. Dostuna zəngində bildirib ki, anamdan halallıq alarsan, deyib ki, "Sağollaşıram, gedirəm şəhid olmağa"...
Oktyabrın 9-da Elvin şəhid olub. Mühasirədə qalıb. Oktyabrın 29-da onu və yoldaşlarını döyüş zonasından götürə biliblər. Oktyabrın 30-da isə ailəsinə şəhadət xəbəri gəlib, dəfn edilib.
“Mənim senyabrın 30-da ad günüm idi, zəng etdi ki, "Ana, ad gününü qeyd etmə. Gələrəm, birlikdə qeyd edərik..."
- Üzümü şəhid analarına tutaraq deyirəm ki, başınızı dik tutun. Vətən sağ olsun! 5 oğlum olsaydı, onları da Vətənə qurban verərdim. Amma Elvin üçün çox darıxıram. Onunla birgə olduğum günlər yadıma düşür. Deyirdim ki, evlən. "Yox, 30 yaşına heç çatmayacağam, şəhid olacağam" deyirdi... Necə dedi, elə də oldu. 26 yaşında şəhid oldu. Elvin həm cəsur, həm də ürəyiyumşaq olub. 25 nəfər kəşfiyyatçı tapşırığa gediblər. 7 nəfər əsgər irəlidə gedib. Onları vurublar. Sonra isə qalan kəşfiyyatçıların sayəsində kənd alınıb,- deyir Sevinc xanım.
Elvinin atası Elçin İslamov da oğlu haqqında xatirələrini bölüşür: "Əsgərlikdən qayıdandan sonra deyirdi ki, "Müharibə olsa, öndə gedəcəyəm, şəhadətə ucalacağam..." Oğlum Elvin bir bacının tək qardaşı idi. Yaşadığı məhəllədə hamı onu gözləyirdi. Amma şəhid kimi qayıtdı. İndi yaşadığı küçədə Azərbaycan bayrağı dalğalanır. Xalqımız şəhidə yüksək qiymət verməyi bacarır. Allah razı olsun onlardan. Özü getdi, amma xatirələri mənimlə qaldı. Onun qazi dostu xəstəxanadan birbaşa 40 mərasiminə qatıldı. Əsgərin qarnını qəlpə aparıb, hələ qarnı tikilməmişdi. O vəziyyətdə Elvinin məclisinə gəldi. Öğlum o hörməti, sadiqliyi qazana bilmişdi. Süfrədə yemək yeyəndə bacısına deyərdi ki, "Mənə yaxşı qulluq et, mən şəhid olacağam..." O vaxt o sözləri bəlkə də bizim üçün qiymətli deyildi. Onu elə bil ilahi qüvvə danışdırıb, şəhid olmağa hazırlaşdırıb. Mən özüm də 1-ci Qarabağ müharibəsinin döyüşçüsü olmuşam, müharibə veteranıyam. Mən övladıma görə qürur hissi keçirirəm. Bizə düşən də odur ki, uşaqların əziyyətini itirməyək. Adlarını yaşadaq, unudulmasınlar".
Elvinin bacısı Yeganə İslamova kövrəlir, danışmağa çətinlik çəkir: "Həmişə ona sual verəndə ki, "Müharibə olsa, gedərsənmi?", cavabı "Niyə getmirəm?!" olurdu. Heç nədən qorxmurdu. Cəbhədə onlara deyiblər ki, "Füzulidə Qorqan kəndi var, ora getsəniz, qayıtmaq şansınız 10 faizdir, aranızda varmı belə igid?" Mən fəxr edirəm ki, o igidlərdən biri də mənim qardaşım olub".