Zinyət Məmmədova: “Deyirdi ki, ana, mən şəhid olsam, bəlkə Allah bütün günahlarımı bağışlayar...”
Qurtuluş Savaşının ölümsüz qəhrəmanlarının - şəhidlərimizin hər biri ayrı-ayrı kəndlərdə, şəhərlərdə doğulsalar da, onların hamısını Vətən uğrunda canlarını qurban edərək qazandıqları şəhidlik adı birləşdirir. Yüzminlərlə canın qurban olduğu Vətən isə öz igidlərini heç zaman unutmur, onları əbədi olaraq yaddaşına yazır.
Ali Baş Komandanımızın rəhbərliyilə Azərbaycan əsgəri və zabiti ən yeni tariximizin ilk səhifələrini 44 günlük Vətən müharibəsində qazandığımız zəfərlə yazdılar. Şəhidlərin qanı ilə yazıldı bu tarix. Vətən müharibəsinin ölməz qəhrəmanlarından biri Məmmədov Rəcəb Yolçu oğlu qələbəyə üç gün qalmış Xocavənd ərazisində düşmən snayperi tərəfindən gicgahından vurulub, yanındakı üç əsgər yoldaşı ilə birgə qəhrəmancasına həlak olub. Noyabrın 7-də şəhid olan Rəcəbin noyabrın 23-də 24 yaşı tamam oldu.
1996-cı ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olan Rəcəb 2002-ci ildə doğma kəndlərində birinci sinifə getsə də, Bakı şəhəri Xətai rayonundakı 269 saylı orta məktəbdən məzun olub. Rəcəb 7-ci sinifdə oxuyanda ailəsi Bakıya köçüb və o burada orta, sonra isə ali məktəbi bitirib. 2015-ci ildə Azərbaycan Kooperasiya Universitetinə daxil olan Rəcəb 2019-cu ildə ali məktəbi bitirib, magistr təhsili almaq üçün qardaş Türkiyəyə gedib. Orada bir il oxuduqdan sonra təhsilini yarımçıq qoyan Rəcəb Bakıya qayıdır və evdə bildirir ki, Vətənə borcunu ödəmək üçün əsgərliyə getmək istəyir, magistr təhsilini sonra davam etdirmək niyyətindədir. 2020-ci ildə Ağdamda əsgəri xidmətə başlayan Rəcəbin ən böyük arzusu işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsində iştirak etmək olub.
“Elə bil şəhid olacağı ürəyinə dammışdı, sanki özünü şəhidliyə hazırlayırdı”
Şəhid Rəcəb Yolçu oğlu Məmmədovun anası Zinyət Məmmədova ilə oğlu haqqında danışırıq. Zinyət xanım deyir ki, Rəcəb şəhidliyə uşaq vaxtından hazırlaşırdı sanki. “Uşaqlıqdan şəhid olmaq arzusu ilə yaşayıb, yeniyetmə olanda elə hey deyirdi ki, ana, haqqını halal et, bəlkə mən şəhid oldum... Deyirdi ki, ana, mən şəhid olsam, bəlkə Allah bütün günahlarımı bağışlayar. Deyirdim ki, ay oğul, sənin nə günahın var ki? Balam uşaqlıqdan özünü şəhidliyə hazırlayırdı elə bil. Türkiyədə magistrlik oxuyurdu, təhsilini yarımçıq qoyub əsgərliyə getdi. Müharibə başlayanda əsgəri xidmətdə idi, tərxis olunmağına bir neçə ay qalmışdı. Ön cəbhədə olduğunu məndən gizlədirdi. Hər dəfə danışanda deyirdi ki, mən öndə deyiləm, arxadayam, ana, narahat olma. Amma hər dəfə danışanda atəş səsi eşidirdim, qulağıma güllə səsləri gəlirdi. Demə ki, Qubadlıda, Zəngilanda vurşub, bu rayonlarımızın düşmən tapdağından azad edilməsində iştirak edib, amma bunu məndən gizlədib. Deyirdim ki, Rəcəb, sən öndəsən, niyə məndən gizlədirsən, “yox, öndə deyiləm” deyirdi hey. Balam gizlənən oğlan deyildi. Ön cəbhəyə könüllü getmişdi, demişdi ki, yoldaşlarım hara, mən də ora. Məndən gizlətsə də, qardaşına deyib ki, ön cəbhədəyəm, öndə döyüşürəm, yanımda nə qədər əsgər yoldaşım şəhid oldu, yaralandı, amma biz irəliləyirik, düşməni darmadağın edirik.
Noyabrın 23-ü 24 yaşı tamam oldu balamın, amma...(qəhər boğur) qara xəbər qəfil qapımızı döydü... Yoldaşım Rusiyada idi. İki gün idi Rəcəbdən xəbər tuta bilmirdim, ona zəng vurub dedim ki, Rəcəblə heç cür danışa bilmirəm, telefonuna zəng çatmır, çox nigaranam. Telefon işlətmirdi əvvəllər, evə də komandirin telefonundan zəng edirdi, amma müharibədə olanda bibisi oğluna deyib ki, mənə balaca bir telefon gətir, arada anamla danışım, hal-əhval tutum. Döyüşdə olduğu üçün arada səsimi eşitmək istəyib. Sonuncu dəfə danışanda dedi ki, ay ana, haqqını halal elə. Dedim o nə sözdür, ay oğul, niyə belə deyirsən? Halal xoşun olsun. Soruşdum ki, deyəsən sən öndəsən, yenə boynuna almadı. Qardaşım, bacım səhər tezdən qəfil bizə gəldilər. Qızım Mədinə dedi ki, dayımgil bizə gəlib, onda hiss etdim ki, nə isə olub, yoxsa onlar belə qəfil gəlməzdilər. Rayona getdik, balamın nəşini Ağdaşa gətirmişdilər, xəstəxanaya qoymuşdular. Qardaşım dedi ki, Rəcəbi görmək istəyirsənmi? Yoldaşım da Rusiyadan gəlib özünü çatdırdı. Balamı sonuncu dəfə gördüm, güllə gicgahından dəymişdi... Atası da gördü, mən də, amma bacısı görmədi. Komandiri də şəhid olub...”.
“Rəcəbin arzuları vardı” - deyir Zinyət xanım. Amma ən böyük arzusunun isə torpaqlarımızın işğaldan azad olunması olduğunu bildirir şəhidin anası. “Çox vətənpərvər idi Rəcəb. Hər iki oğlum üçün də Vətən hər şeydən irəli olub. Böyük oğlum Səfa da müharibəyə könüllü gedib, Ağdaş Rayon Məhkəməsində işləyirdi, könüllü olaraq cəbhəyə getdi. Hazırda da Beyləqandadır. Evlidir, bir övladı var. Rəcəb həmişə deyirdi ki, Vətənini, torpağını istəməyən ailəsini, ata-anasını, bacı-qardaşını heç sevmir, sevgi Vətəndən, yurddan başlayır, ailə ondan sonra gəlir. Deyirdi ki, Vətəni qorumayan adam ailəsini də qorumaz. Biz uşaqlarımızı vətənpərvərlik ruhunda tərbiyə etmişik. Rəcəb həmişə deyirdi ki, torpaqlarımız işğaldan azad edilməlidir. Deyirdi ki, ay ana, sən tələbə olandan torpaqlarımız işğaldadır, gör neçə ildir torpaqlarımız düşmən tapdağındadır. Fikri-zikri torpaqlarımızın azad olunması idi. Oğlumun ikisi də bu sözü deyirdi mənə...
Rəcəb fərqli uşaq idi. Heç o biri uşaqlarıma bənzəmirdi, uşaqla uşaq, böyüklə böyük olmağı bacarırdı, hamı ilə dil tapırdı. İnanın, o, şəhid olanda hamı ağladı, bütün qonşular, qohumlar ağladı. Hamı deyir ki, Rəcəbi unuda bilmirik, elə bil ürəyimizin içində oturub. O, taleyindən gileylənən uşaq idi. Hey deyirdi ki, mənim şansım niyə yoxdur, niyə bəxtsizəm, axar suyun üstünə gedirəm, su quruyur? Çətinlikləri çox olurdu. İşi daşdan keçirdi. Adicə yoldaşım uşaqlar üçün sənəd hazırlayanda Səfanın və Mədinənin sənədləri tez hazırlanırdı, amma Rəcəbin sənədləri ilə bağlı mütləq bir problem çıxırdı. Atası da deyirdi ki, bu uşaqda nə isə var, onun bütün işləri çətinliklə düzəlir. Ona görə də balam bəxtindən hey giley edirdi. Mən də deyirdim ki, gileylənmə, ay oğul, Allah səni sevir, sən Allaha yaxın qulsan, səni çətinliklərlə sınağa çəkir, sənin həmişə onu yada salmağını, dua etməyini istəyir. Deyirdim ki, ay Rəcəb, Allah sevdiyi qulu daha çox sınağa çəkir. Sonra gördüm ki, yavaş-yavaş cahillikdən ayılır, deyirdi, ay ana, düz deyirsən, Allah məni sevdiyi üçün işlərimi çətinə salır, dərk edirdi həyatı. Dindar idi, namaz əhli idi, Allaha bağlı uşaq idi. Peyğəmbərimizə salavatı sevərdi. Türklərdə bir salavat var, mahnı ilə. Rəcəb onu qoyub qulaq asırdı, deyirdi ki, ay ana, bu, mənim ürəyimə yağ kimi yayılır, elə xoşlayıram bunu”.
Zinyət xanım deyir ki, Rəcəb əsgərliyə gedəndə onu rəfiqəsinin qızı ilə nişanlamaq istəyib, amma oğlu razı olmayıb. Deyib ki, mən əsgərliyə gedirəm, birdən müharibə başlayar, şəhid olaram, yaxud ağır yaralanaram, ona görə də o qıza ümid verib gözlətmək istəmirəm: “İstədiyi qız yox idi. Bir rəfiqəm var, Rəcəbə onun qızını almaq istəyirdim. Dedim ki, ay Rəcəb, gəl səni nişanlayaq, ondan sonra əsgərliyə get. Dedi ki, ay ana, mən bilmirəm əsgərlikdən hansı vəziyyətdə qayıdacağam, müharibə şəraitindəyik, birdən müharibə başlayar, ya şəhid olaram, ya şikəst qayıdaram, onda bu qızın vəziyyəti nə olar? Nişanlanmağa heç cür razı olmadı, dedi ki, istəmirəm camaatın qızını gözlədim, birdən geri qayıtmadım, onda nə olacaq, o qızı kim alacaq? Sağ-salamat qayıdım, sonra evləndirərsən məni. Elə bil şəhid olacağı ürəyinə dammışdı. Sanki özünü şəhidliyə hazırlayırdı. Balam Ləkinin Şəhidlər xiyabanında dəfn olunub. Rəcəbim qələbəni görməyi çox arzulayırdı, amma balam qələbəni görə bilmədi, qələbəyə üç gün qalmış şəhid oldu. Mən bircə ona yanıb-tökülürəm ki, balam qələbəni görmədi. Hey deyirdi ki, biz qələbə qazanacağıq, əsgərlərimiz çox cəsurdur, çox igiddir, çox qorxmazdır, biz düşmənin başına öd ələyirik, düşmən qabağımızdan qaçır, bizimlə üzbəüz döyüşə bilmir. “Əsgərlərimiz bir addım da geri çəkilmir, özlərini düşmənin üzərinə atıb şir kimi düşməni parçalayırlar” deyirdi balam, amma demirdi ki, onların arasında mən də varam... Balam heç özünün qəhrəmanlığından, döyüş yolundan danışmadı mənə... Anayam, ürəyim yanır, amma özümü tox tuturam, deyirəm ki, qəddini əymə, başını dik tut, sən cəbhəyə iki oğul yola salan anasan, Vətənin dar günündə balalarının canını Vətəndən əsirgəməmisən. Vətənin müdafiəsinə iki oğul yola salan ana kimi qürur hissi keçirirəm. Yansam da, acılar çəksəm də, təsəllim oğlumun uca şəhidlik adıdır. Allaha çox şükürlər olsun ki, Rəcəb kimi, Səfa kimi mərd, cəsur, igid oğullar böyütmüşəm, heç bir düşmən qabağından qaçmadılar. Mən oğlanlarımın igidliyi ilə fəxr edirəm. Vətən sağ olsun! Allah Rəcəbimin yerini rahat etsin. Üç həftədir balam torpağa tapşırılıb. Bala itkisi çox ağırdır, amma təsəllim odur ki, Vətənin müdafiəsi uğrunda şəhid olub. Balalarımızın canı, qanı bahasına, qəhrəmanlıqları, cəsurluqları sayəsində torpaqlarımız işğaldan azad olundu və canımız töhmətdən qurtardı, başımız dikəldi, əyilən qamətimiz düzəldi. Çox arzu edirəm ki, rayondakı orta məktəblərdən birinə Rəcəbin adı verilsin. Rayon rəhbərliyinə müraciət etmək istəyirəm. Rayonda 5 saylı məktəb var, heç kəsin adına deyil. Rəcəbin arzuları gözündə qaldı, heç biri həyata keçmədi, ömrü yarımçıq qaldı, istəyirəm heç olmasa balamın adı əbədiləşdirilsin”.
Zinyət xanım dedi ki, Rəcəb şəhid olandan sonra Heydər Əliyev Fondunun nümayəndəsi də gəlib onlara baş çəkib, qayğıları ilə maraqlanıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.