44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu yeni tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərimiz əsl döyüş əfsanələri yaratdı və yurdu yağıdan azad etdi. Bu qəhrəmanlıqlar Elməddin Cəfərov kimi minlərlə cəngavərin qanı, canı bahasına tarixə qızıl hərflərlə yazıldı.
Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalının Ağkənd kəndindən olan Cəfərov Elməddin Hümmət oğlu 21 sentyabr, 1987-ci ildə Xızı rayonunun Şorabad qəsəbəsində anadan olub. Orta təhsilini Şorabad qəsəbəsində Məmməd Arif Dadaşzadə adına tam orta məktəbdə alıb.
O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərib, Füzuli və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
2020-ci il, oktyabrın 9-da Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimizin nəşi 20 gün sonra o ərazidən götürülüb və oktyabrın 30-da Şurabad kəndində torpağa tapşırılıb.
Anası Zəhra Cəfərovanın sözlərinə görə, Elməddin uşaqlıqdan hərbiyə həvəs göstərib və arzusuna da çatıb. Anası yeganə oğlu ilə son danışığını belə xatırlayır: “Oktyabrın 7-si axşam saat 8-ə 25 dəqiqə qalmış idi. Zəng elədi... Sən demə oğlumun axırıncı zəngi imiş. Dedim, anan qurban, nə istəyirsən? Dedi, heç nə istəmirəm. Zəfər çalmaq istəyirik, qələbəni istəyirik. Oğlumun mənə son sözü bu oldu..."
Döyüş yoldaşı Amil Yunusovun sözlərinə görə, Elməddin bir neçə yaralı əsgərimizi döyüş meydanından çıxararaq xilas edib. Növbəti döyüş tapşırığı zamanı isə döyüş yoldaşları ilə şəhadətə yüksəlib: “Döyüşdə ən öndə gedənlərdən biri idi. Oktyabr ayını 8-i səhər saat 11, 12-nin yarısı radələrində öz bölməsinin şəxsi heyəti ilə döyüş yoldaşları ilə 24 nəfər pusquya düşdülər və həmin günü şəhid oldular. Ondan öncə də onlar bir neçə gün qabaq pusquya düşmüşdülər. Hətta ayın 4-ü axşam gəldilər bizim yanımıza. Orada olan canfəşanlığından, orada gedən döyüşlərin qızğınlığından bizə danışdı. Hətta bizim o anda onunla bərabər gözlərimiz doldu. O vaxta qədər dünyasını dəyişən şəhidlərimiz var idi, onları yad etdik”.
Düşmənin çox sayda canlı qüvvəsini məhv edən Elməddin Cəfərov Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən Uğrunda” , "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Ailəli idi.İki övladı yadigar qalıb.