44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında Elşən Musayev də var.
Elşən Hüseyn oğlu Musayev 21 iyun 1988-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 3 qardaş 1 bacı olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Ağsu rayonunda keçmişdir. 1995-ci ildə Ağsu rayon 3 saylı məktəbinin 1-ci sinifinə daxil olmuş və 2006-cı ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdur. Orta təhsilini başa vurduqdan sonra bir müddət mühafizə xidmətində çalışmışdır.
Elşən 2016-cı ildə Ağsu rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Murovdağda yerləşən "Koroğlu" yüksəkliyində xidmət etmişdir. 2008-ci ildə xidmətini başa vurub evinə qayıdır. 2012-ci ildə ailə həyatı quraraq Bakı şəhərinə köçmüşdür. 2016-cı ildə könüllü olaraq yenidən hərbi xidmətə getmiş və MAXE kimi işləməyə başlayır.
27 sentyabr 2020-ci il tarixində başlayan II Qarabağ müharibəsində kiçik çavuş Elşən Musayev Cəbrayıl uğrunda gedən şiddətli döyüşlərdə iştirak etmiş və düşmənin 14 postunu məhv etmişdir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Elşən 30 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin nəşi yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsinə gətirilir və orada torpağa tapşırılır. Şəhidimiz ailəli idi, 3 azyaşlı övladı -Ayşən, Hüseyn və Dərya adlı övladlarını xalqımıza əmanət qoydu.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, kiçik çavuş şəhid Elşən Hüseyn oğlu Musayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin. Vətən sağ olsun!