44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Cavid Cəfərovdur.
Cəfərov Cavid Fərhad oğlu 1 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2000-ci ildə Sumqayıt şəhər 33 saylı orta məktəbə daxil olub. 2009- cu ildə həmin məktəbin 9-cu sinfini bitirərək,Sumqayıt Dövlət Texniki kollecinə qəbul olub. 2013-cü ildə Sumqayıt Dövlət Texniki kollecini ” Nəqliyyatda daşımaların və idarə etmənin təşkili” ixtisası üzrə bitirib.
2016 – cı ilin iyul ayında Hərbi xidmətə yollanan Cavid ,2018 - ci ilin yanvar ayında hərbi xidməti başa vurub. 2018- ci ilin oktyabrın 13-dən N saylı Hərbi hissəyə müddətindən artıq maxe vəzifəsinə qəbul edilir. Cəfərov Cavid Fərhad oğlu oktyabrın 1 də Fizuli istiqamətində gedən döyüşlərdə, döyüş yoldaşlarının dediyinə görə, yaralı komandirini ərazidən çəkərkən snayperlə vurularaq şəhidlik zirvəsinə ucalıb.
Şəhidin anası Nəzakət Cəfərova bildirib ki, Cavid əsgərliyini başa vurduqdan sonra, orduda xidmət etmək qərarına gəlib. O, hərbi xidmətə MAXE-əsgər kimi davam edib.
Nəzakət Cəfərova oğlunun şəhid olması ilə bağlı xəbəri də elə oktyabrın 2-də alıb. Ona Sumqayıt şəhər İcra Hakimiyyətindən zəng ediləndə, şəhid anası yolda olub. Bu zaman Cavidin adı çəkilən kimi o, özündən asılı olmayaraq qışqırıb və bilib ki, oğluna nəsə olub.
Cavidin qardaşı Xəyyam Cəfərov isə bir müddətdir Türkiyədə çalışır. Xəyyam qardaşının şəhid olmasından gec xəbər tutub. O, Cavidin şəhid olmasını dostlarının ona yazdığı başsağlığı mesajlarından sonra öyrənib.
Nəzakət xanımın sözlərinə görə, dekabrın 1-də Cavidin doğum günü idi. O, həmin tarixdə oğlu üçün nişan aparmağı planlaşdırırmış. Bunun üçün anası nişan üzüyü də almışdı. İndi Cavidin nişan xonçaları onun Sumqayıt Şəhidlər Xiyabanındakı məzarının üzərinə qoyulub...
Qeyd edək ki, Cavid Cəfərovun atası Fərhad Cəfərov Birinci Qarabağ savaşının iştirakçısı olub. Ata Cəfərov Ağdamın Çəmənli kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Cavid 4 yaşında ikən atasını itirib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cavid Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.