Orxan Surxay oğlu Bayramov 1993-cü il, yanvarın 29-da Gəncə şəhərində doğulub. 1999-cu ildə Gəncə şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya daxil olub. 2008-2011-ci illərdə təhsilini 3 nömrəli Peşə liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) davam etdirib.
2020-ci il iyul ayının 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb. Həmin ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Orxan Bayramov xidmət etdiyi hərbi hissənin tərkibində Vətən Müharibəsinə qatılaraq, Füzuli və Cəbrayıl rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
2020-ci il, oktyabrın 2-də Cəbrayıl rayonunun Rüzgar kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Bir gün sonra Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Bir övladı Vətənə yadigar qalıb.
Bayramov Orxan Surxay oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” , 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.