Vətən müharibəsində canından keçən igidlərimizdən biri də Şəkinin 19 yaşlı qəhrəmanı Umudlu Elmir Pərviz oğludur.
Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə anadan olub. 2018-ci ildə orta məktəbi bitirən Elmir Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Texniki Kollecinin "Nəqliyyat daşımalarının təşkili" fakültəsinə daxil olub. 25 aprel 2019-cu il tarixdə çağırışla təhsilini yarımçıq qoyub hərbi xidmətə yola düşüb. Bakının N saylı hərbi hissəsində Həmlə taborunda xidmət etməyə başlayıb. Xidmətini bitirməyə 4 gün qalmış ll Qarabağ müharibəsi başlayıb. O da digər əsgərlər kimi müharibəyə yollanaraq Cəbrayıl, Fuzuli, Xocəvənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Cəbrayıl döyüşlərində ayağından yaralanan Elmir bir müddət döyüş yoldaşlarından ayrı düşüb. Lakin o, təkid edərək yenidən müharibəyə üz tutub. Atası ilə danışanda 25 nəfəri neytral bölgədən çıxartmağa kömək etdiyini deyib: "Özümə mövqe tutdum və dostlarımın hamısını xilas etdim".
28 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən şiddətli döyüşlər zamanı şəhidlik zivəsinə ucalıb.
Şəhid Umudlu Elmir Pərviz oğlu ata-baba yurdu olan Şəki rayonu Zunud kəndində kənd qəbiristanlığında dəfn olunub.
Döyüşlərdə göstərdiyi şücaətlərə görə, Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.