Ayxan İlham oğlu Heydərli 1996-cı il dekabrın 26-da Beyləqan rayonunun Orta Əlinəzərli kəndində anadan olub. Ayxan uşaqlıqdan halal zəhmətlə yaşamağa öyrənmişdi. O, bütün işlərdə valideynlərinə kömək edər, ailənin yaxşı dolanması üçün əlindən gələni edərdi. Özündən yaşca böyük olan Heydər adlı qardaşı ilə birgə evdə təsərrüfat işləri ilə maraqlanar, kəndimizin hər tərəfini əhatə edən sıx meşəlikdə uşaqlarla birgə qoyun–quzu otarar və ailəsinə düşən pay torpağında əkin-biçinlə məşğul olardı.
Ayxan 2003-2014-cü illərdə K. Əliyev adına tam orta məktəbdə təhsil alıb. Uşaqlıqdan musiqi məktəbinin qarmon sinfində təhsil alıb, həmçinin, idmanla da maraqlanıb. İdmanın Mauy-Tay, Tay Boksinq növləri ilə ciddi şəkildə, xüsusi bir həvəslə məşğul olub. Bu istiqamətdə uğurları çox olub, dəfələrlə birincilik qazanaraq diplom və mükafatlarla təltif edilib.
Ayxan 14 yaşlı yeniyetmə ikən sənədlərini “Cəmşid Naxçıvanski” adına Hərbi Liseyə verib və bütün mərhələlərdən uğurla keçib, lakin özündən asılı olmayan səbəblərə görə qəbul ola bilməyib. Bu uğursuzluq onu ruhdan salmayıb, tam əksinə, ürəyinə hakim kəsilən hərbçi olmaq arzusu onu rahat buraxmayıb. Ayxanın ən böyük arzusu isə, Ramil Səfərovla Mübariz İbrahimova kimi bir hərbçi olaraq yetişmək və Qarabağı işğaldan azad edərək, üçrəngli müqəddəs bayrağımızı orada dalğalandırmaq idi...
Ayxan Heydərli 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi hərbiyə davam edib. 2018-ci ildə Ağcabədi rayonunun Minaxorlu kəndində “N” saylı hərbi hissədə post komandiri olub. Bu müddət ərzində xidmət etdiyi ərazidə nizam-intizam yaradıb və post komandiri kimi digər hərbi qulluqçulara nümunə olub.
İgid Vətən oğlu 2020-ci ilin iyul ayında, Tovuz rayonunda mənfur qonşularımızın dövlət sərhəddimizi kobudcasına pozaraq təxribat törətdikləri zaman silaha sarılaraq Vətənimizin müdafiəsinə qatılıb və qızğın döyüşlərdə fəal iştirak edib.
Nəhayət, 2020-ci ilin Vətən Müharibəsində illərin təcrübəsi və çəkdiyi zəhmətin nəticəsi olaraq, Ayxan bu qanlı döyüşlərdə də xüsusi xidmətləri ilə fərqlənib və bir çox uğurları ilə yadda qalıb. O, həm mahir kəşfiyyatçı, həm də, çevik sanitar-həkim kimi xidmətini ləyaqətlə yerinə yetirib. Həmin qızğın döyüşlər zamanı o, 20 nəfərə yaxın hərbçini ölümün pəncəsindən alaraq, həyatını xilas edib. Füzuli rayonu və ətraf kəndləri istiqamətində gedən qızğın göyüşlərə Ayxan bütün gücünü səfərbər edib, mənfur düşmənlərə sarsıdıcı zərbələr vurub. Düşmənin illərlə yaratmış olduğu, çox çətin keçilən 5 istehkamınının darmadağın edilməsində yaxından iştirakı olub. Erməni quldurlarının yerləşdiyi 6-cı istehkamın azad edilməsi uğrunda ordumuzun apardığı mübarizədə Ayxan düşmən tərəfindən atılan qumbaraatan mərmisinin yanında partlaması nəticəsində başından və gözündən qəlpə yarası alaraq, 6 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Heydərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Heydərli ölümündən sonra "Füzulinin azad olunmasına görə", “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Şəhidimizin atası İlham kişinin xatirələri:
"Ayxan hələ uşaq vaxtından hərb sahəsinə çox meylli olub. Həmişə qohum uşaqlarını başına yığar, onlara hərbi-vətənpərvərlik ruhunda şeirlər əzbərlədər və mahnılar oxudardı. Sonuncu dəfə evimizə gələndə, məndən onunla birgə ailəmizin payına düşən çöl torpaq sahəsinə getməyimi xahiş etdi. Etiraz etmədim və onunla birgə əkin sahəmizə getdim. Bir az gəzdikdən sonra, yerimizin başındakı təpəlikdə dayandı və mənə dedi: “Ata, durduğumuz bu yerə bayrağımızı sancarsan!” Nə baş verdiyini anlamadım və düşünmədən ona öz etirazımı bildirdim. Mənim, buna razılıq vermədiyimi biləndə isə, o, təkrar dedi: “Ata, eybi yox, çox keçməz, mən özüm bu yerdə bayrağımızı sancaram! Qoy, bu bayraq mənim olmadığım zamanlarda burada daim dalğalansın!”. Mənə dediklərinə görə onu həmin gün çox danladım. Bu gün isə, onun söylədiyi sözlər hələ də fikrimdən çıxmır və məni rahat buraxmır. Ayxanla son danışığımız oktyabr ayının 5-i, günorta saatlarında olub. Hər şeyin yaxşı olduğunu, heç nədən narahat olmamağımızı bildirdi. Amma mən orada qızğın döyüşlərin getdiyini bilirdim. Elə həmin gün, bizimlə əlaqə saxlayandan bir az sona, döyüş meydanında, düşmənlə 40 metrlik məsafədə döyüş-döyüşə, qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib! Yaxınlarda bir neçə döyüş yoldaşı bizdə qonaq oldu. Haqqında çox danışdılar, xatirələrini bizimlə bölüşdülər. Sonda onu da bildirdilər ki, Ayxanın şəhid olduğu yerdə onun şərəfinə xatirə bulağı inşa edəcəklər".
Şəhidimizin anası Naibə xanımın xatirələri:
"Ayxan, həmişə birinciliyə, liderliyə can atırdı. Uşaqlıqdan sözgötürən deyildi. Elə bu səbəbdən də, dəqiqliyi, təmizliyi və düzgünlüyü sevirdi. O, öz işinin vurğunu idi. Hər dəfə evə gələndə darıxar, həmişə xidməti yerinə, komandiri olduğu posta qayıtmağa can atardı. Hamı onu qorxmaz hərbçi, vətənpərvər bir vətəndaş kimi tanıyırdı. Qaynar təbiətli insan olduğu üçün, dostları, ünsiyyətdə olduğu tanışları çox idi. Onlar, bu gün də bizimlə əlaqə saxlayır, ailəmizlə maraqlanırlar. Sonuncu dəfə Ayxanı evdən xidməti iş yerinə yola salanda, sakitcə üzümə xeyli baxdı və mən bunun səbəbini soruşanda, o, mənə: “Ana, narahat olma, hər şey yaxşıdır! Qələbə bizim olacaq!” sözlərini dedi. Axırıncı gəlişində, ailəmizin hələ xoşbəxt yaşadığı o günlərdə Ayxan mənə təzə paltar da alıb gətirmişdi. Deyirdi ki, "Darıxma, Qələbəmizdən sonra sənə ürəyi nə istəsə, hamısını alıb gətirəcəyəm..."