2021/09/24271-1632434925.jpg

line
Adı: Əlizadə
Soyadı: Elməddin
Ata adı: Sübhi
Doğum tarixi: 11.03.1997
Şəhid olub: 08.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Elməddin Sübhi oğlu Əlizadə 11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Əslən Lerikin Kəlvəz kəndindəndir. Uşaqlıq illəri doğulduğu Zəhmədabad kəndində keçib. 2004-cü ildə şəhid Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini başa vurub. Oxuduğu illər ərzində həm sinif yoldaşlarının, həm də müəllimlərinin böyük sevgisini və hörmətini qazanıb.



2015-ci ilin aprel ayında Elməddin Əlizadə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Xidməti dövründə kəşfiyyatçı kimi xidmət edib. Elməddin Əlizadə hərbi xidmətdə olarkən 2016-cı il Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında iştirak edib. Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovla birgə döyüşüb. Hərbi xidmətini başa vurduqdan sonra Elməddin hərbi geyim tikiş fabrikində işləməyə başlayıb.



2020-ci il 27 sentyabrından etibarən başlanan Vətən müharibəsi zamanı qismən səfərbərlik elan edildikdə Elməddin müharibədə iştirak etmək üçün könüllü olaraq Biləsuvar rayon Hərbi komissarlığdan qeydiyyatdan keçib və müharibəyə yollanıb. Kəşfiyyatçı kimi döyüşlərə Ağdam istiqamətində başlayıb. Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə və Şuşa şəhərinin erməni separatçılarından təmizlənməsində iştirak edib. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Noyabr ayının 8 düşmənlə əlbəyaxa döyüşlərdə Elməddin yaralanıb, yaralanmasına baxmayaraq yenidən döyüşüb və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 09 noyabr 2020-ci ildə doğulduğu Biləsuvar rayonunun Zəhmətabad kəndində torpağa tapşırılıb.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.