Elşad İsa oğlu Fərəcullayev 3 yanvar 1984-cü ildə Gəncə şəhərində doğulub. 1999-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbi bitirib. 2002-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib. 2014-2018-ci illərdə müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.
27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlanması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Elşad Fərəcullayev 29 sentyabr tarixində yenidən hərbi xidmətə çağrılıb. O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vuruşub. 8 noyabr 2020-ci ildə Xankəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Elşad ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” , 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” və 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.