2021/05/maxre-1620225447.jpg

line
Adı: Həsənov
Soyadı: Əzim
Ata adı: Fikrət
Doğum tarixi: 13.06.1998
Şəhid olub: 09.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
44 gün davam edən Vətən müharibəsi zamanı ordu sıralarında olan soydaşlarımız qələbə üçün döyüşüb, müharibə tarixinə adlarını yazmağı bacardılar. Belə qəhrəmanlardan biri də Şəhid Əzim Həsənovdur. Əzim Fikrət oğlu Həsənov 13 iyun 1998-ci ildə Balakən rayonunda doğulub. 2004-cü ilin sentyabrında müvəqqəti məskunlaşdıqları Mingəçevir şəhərində 19 nömrəli məktəbin birinci sinfinə daxil olub. Ailənin ilk və yeganə oğlu olan Əzim orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub.

Əslən Qarabağlı olan Əzimin ürəyi həmişə vətən həsrəti ilə döyünüb. Vətən eşqi, vətənpərvərlik onun qanında var idi. Elə bu həsrətli sevgi ilə o, təhsil aldığı Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən ADU TGT-nin Vətənpərvərlər Klubuna üzv olub. Vaxtilə işğalda olan torpaqlarımızın anım günləri və digər respublika əhəmiyyətli günlərin qeyd olunduğu tədbirlərin həyata keçirilməsində fəal iştirak edib. Gənclər Fondunun maliyyə yardımı ilə keçirilən və bir neçə universitetin də iştirak etdiyi "Azərbaycançılıq Məfkurəsinin Gənclərlə Təbliği" layihəsində fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib. Onları klub olaraq yarışda qalib edən bayraq haqqında hazırladıqları flaşmob idi.



Univesiteti bitirdikdən sonra hərbi xidmətə yollanan Əzimin qəhrəmanlığı da bundan sonra başlayır. Hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmağına baxmayaraq paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılıb. Sentyabr ayının 27-də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam etdirib. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə mübarizə aparıb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib. "Nə qazimiz, nə şəhidimiz, nə olur olsun, düşmən tərəfində qalmasın" - deyirmiş döyüş yoldaşlarına. Bu cümlə son anınadək onun dilində şüara çevrilib.



Sonuncu dəfə oktyabrın 9-u Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. 30 oktyabr günü Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidimiz Əzim Həsənov ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", “Cəsur döyüşçü” "Vətən uğrunda" medalları ilə təltif edilib.

"Nədənsə son vaxtlar onun böyük adam olacağı hissi vardı ürəyimdə. Hələ əsgər getməmişdən əvvəl özünə də deyirdim bunu. Oğlumla fəxr edirəm. Bu gün mən bir oğul itirdim, amma tarix daha bir qəhrəman qazandı. Göstərdiyi qəhrəmanlıqla yazılan yeni tarixə onun da töhfəsi oldu. Ölümü adi ölüm olsaydı, yoxluğu ilə barışa bilməzdim. Şəhidlik uca zirvədir. Tək təsəllim də budur" - deyir anası Şəhla Həsənova.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atası Fikrət Həsənov da oğlu haqqında fikirlərini bölüşür: Onun fikirləri:

"Deyirdim, "Oğul, qocalmışam, torpaqlarımızı, doğma Ağdamımızı qaytarmaq artıq sənə qaldı". Sonuncu dəfə oktyabr ayının 4-ü danışmışdıq. Hər şeyin əla olduğunu, yavaş-yavaş hədəfə doğru irəlilədiklərini deyirdi. Uzun müddət danışa bilmədik. Narahatlıq içindəydik. Axtarmaq üçün Füzuliyə getdik. Xəbər ala bilmədik. Uzun çəkən axtarışdan sonra 22-i şəhid olduğunu öyrəndik. Vətən sağ olsun!"...