Əmrah Hüseyn oğlu Bayramov 2001-ci il, yanvarın 18-də Neftçalanın Bankə qəsəbəsində anadan olub. 2007-ci ildə orta məktəbdə təhsilə başlayıb, 2016-cı ildə Samir İmanov adına 1 saylı orta məktəbin 9-cu sinfini başa vuraraq, Sumqayıtın 3 saylı peşə məktəbinə qəbul olunub.
Ailənin 2-ci övladı olan Əmrah 2019-cu il iyulun 22-də həqiqi hərbi xidmətə yollanıb. Vətən Müharibəmiz başlayandan döyüş yoldaşlarıya birgə ön xətdə düşmənə qarşı döyüşlərə qoşulub. Cəbrayıl, Füzuli rayonlarının azad olunması uğrunda vuruşub.
İgid əsgərimiz oktyabrın 9-da Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əmrah Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əmrah Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.