Cəfər 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Cəfər Eylasov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 9-da Füzulidə şəhid olub və Mingəçevirdə dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Cəfər Eylasov ölümündən sonra
"Vətən uğrunda" ,
"Cəsur döyüşçü" və
"Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Cəfərin anası
Bulud xanım deyir ki, gözü qapıda qalıb:
"Deyirəm, görəsən bizim də qapını açan olacaqmı? Mənim də bircə oğul balam vətən uğrunda şəhid olub”...
Ana deyir ki, şəhid oğlu barədə mətbuatda yazılan yazılardan təsəlli tapır:
"Heç olmasa övladlarımız yaddaşlara həkk olur, unudulmur, balamın nişanı, toyu da bayraq oldu. Mən fəxr edirəm ki, belə bir oğulun anasıyam. Vətən müharibəsi başlayanda oğlum hərbi xidmətdə idi. Oktyabrın 2-də xidmətini başa vurub geri qayıtmalı idi. Lakin Vətən müharibəsi başladığına görə, Cəfər də torpaqlarımızın düşmən tapdağından azad olunması üçün XTQ-ə könüllü olaraq yazılır. Bu vətənpərvərlik Cəfərə həm ulu babasından, həm də atasından keçib. Özümüz əslən Qarabağlıyıq. Cəfərin atası Yavər də Birinci Qarabağ döüşlərinin könüllülərindən olub. Cəfər həmişə hərbi xidmətdən əvvəl deyərdi ki, "Vaxt gələcək, o torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olacağam, heç olmasa ata yurduna ürəkli gedib-gələ biləsiniz"... Oğlum XTQ-ə yazılmağını bizdən gizlətmişdi. Zəng vuranda deyirdi ki, Bakıdadır. Cəfərgilin dəstəsi Cəbrayılın bir necə kəndinin alınmasında böyük qəhrəmanlıq göstərib. Onlar yaxşı döyüşçü olduqlarına görə, Füzuli uğrunda döyüşlər üçün də yenidən oraya qaytarılıblar. Döyüşlər zamanı Aşağı Seyidəhmədlidə 13 post alıblar. Komandirləri ilə birgə 37 nəfərin hamısı mühasirəyə düşərək şəhid olublar. Cəfər oktyabrın 5-dən sonra şəhid olub, amma ayın axırına qədər neytral zonada qalıb. Oktyabırın 31-də onu dəfn etdik".
Şəhid olmuş oğlu haqqında qürurla danışan ana özünə bir az təskinlik verəndən sonra davam edərək deyir ki, telefon danışıqlarında oğlu hərbi xidmətdən sonra orada qalıb işləmək istədiyini bildirib:
"Mən razı olmadım, dedim, "Bir il yarımdır səni görmürük, heç olmasa evə gəl üzünü görək". Sentyabrın 30-u 20 yaşı olacaqdı. Ondan bir gün öncə mənə zəng edib dedi ki, "Ana mənim yoxluğumu bildirməyin, ad günümü qeyd edərsiniz" . Sən demə həmin gün artıq o cəbhədə imiş, amma mənə bildirməyib. Sonra ayın 5-də bir də məni yığdı. Dedim, "Bala, gündə bircə dəfə məni yığ rahat olum", dedi, "Ana, mən hardayam ki? Bakıdayam, narahat olma". Mən bilsəydim bu onun son danışığıdır, saatlarla danışdırardım. Nə biləydim ki... İndi oğlumun şəklini boynumdan asıb gəzdirirəm ki, məndən onu soruşanda deyim ki, oğlum budur”.