2021/05/rasim-1620232530.jpg

line
Adı: Abdullayev
Soyadı: Rasim
Ata adı: Yaqub
Doğum tarixi: 21.02.1975
Rütbəsi: polkovnik-leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Rasim Abdullayevdir. Polkovnik-leytenant Rasim Yaqub oğlu Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunda anadan olub. 1982-1992-ci illərdə Kəlbəcər şəhərində 1 nömrəli tam orta məкtəbdə, 1992-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb.

Rasim Abdullayev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşləri zamanı yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib.

Məlum olduğu kimi, Ordumuz 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibəyə əks-hücumla cavab verərək işğal altında olan ərazilərimizin azadlığına qalxdı. Bu Vətən müharibəsində Azərbaycan Ordusunun polkovnik-leytenantı olan hərbi tibb qulluqçusu Rasim Abdullayev Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.

Polkovnik-leytenant Rasim Abdullayev noyabrın 10-da Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Ailəli idi, Miryaqub və İslam adında 2 övladı yadigar qaldı.



Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına”, “Cəbrayılın azad olunmasına”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına", “Vətən uğrunda” medallları ilə təltif olunub.

Rasim Abdullayev şeir yazmağı çox sevərdi. Onun müxtəlif mövzuda 100-dən çox şeiri var. Şeirlərində kədər, həsrət hiss olunan şəhidimizin Ruhuna ehtiramla şeirlərindən birini təqdim edirik.

Bu da yol ayrıcı, bu da son Vida…
İndi günəş soyuyacaq, tələsmə!
Ayrılıq gələcək əlində qılınc,
Bizi qana boyuyacaq, tələsmə!.

Bir yer boş qalacaq burada bizsiz,
Arzular, ümidlər itəcək izsiz,
Eşqimiz susacaq səssiz, səmirsiz,
Körpə kimi uyuyacaq, tələsmə!

Həyat məni məngənədə əzdirib,
Ağrıları ürəyimdə gəzdirib,
Çox deyirdin fikir məni bezdirib
İndi gözün quruyacaq, tələsmə!...

Rasim gözlərinə görünməyəcək,
Bu həsrət heç kimlə bölünməyəcək,
Xatirəm beynindən silinməyəcək,
Bir gün səni qınıyacaq, tələcmə!..