44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altındakı torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də İlqar Vəliyevdir.
Vəliyev İlqar Cahid oğlu 12 oktyabr 1973-cü ildə Bakı şəhərində doğulub. 1993-1998-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.
27 sentyabr tarixində başlanan Vətən müharibəsinə könüllü olaraq kəşfiyyatçı kimi qatılıb. Cəbrayıl - Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin alınmaz hesab edilən postlarının alınmasında böyük şücaət göstərib, düşmənin xeyli canlı qüvvəsini məhv ediblər.
Şəhid olmazdan 1 həftə əvvəl yaralı əsgərini xilas edərkən ayağından yaralanır, lakin israrla yenidən döyüşə qayıdır.
21 Oktyabr tarixində Vətən müharibəsinin Füzuli cəbhəsində gedən döyüşlərdə düşmənlə əlbəyaxa döyüşüb, bir əliylə düşməni boğarkən, digər əliylə onu bıçaqlayaraq məhv edib. Elə həmin gün qəhramancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Vəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.