44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində canlarından keçən Azərbaycanın vətənpərvər oğulları arasında Vətən Müharibəsində şəhid olmuş Hüseyn Zeynallı da var.
Zeynallı Hüseyn Vətənxan oğlu 11.03.1993-ci ildə Cəlilabadda anadan olub. Azərbaycan Ordusunun çavuşu Hüseyn Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
2020-ci il sentyabrın 30-da Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində hücuma keçərkən həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Zeynallı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
“Hüseyni qaynımın qızına nişanladıq. Artıq 27 yaşı var idi, ata-anası da onun toyunu görmək istəyirdi”
Bunu MAXE şəhid Hüseyn Zeynallının kirvəsi Sabir bəy deyir. Onun maşınına əyləşib şəhidimizin ata evinə, Cəlilabadın Əliabad kəndində yollanırıq. Elə yolda Sabir bəylə söhbətimizə davam edirik. O, indi Hüseynin nişanlısının da çox çətin günlər keçirdiyini bildirir:
“Hüseyni qaynımın qızına nişanladıq. Mən Zeynallı ailəsinin iki oğlunun kirvəsiyəm. Artıq o vaxtdan bir evli kimiyik. Hüseyn 10 il idi hərbidə işləyirdi. Özü idmançı idi, boks üzrə iki dəfə Respublika Çempionu olmuşdu. Valideynləri ona nişan da etdilər. Amma təəssüf ki, Hüseyn şəhid oldu”.
Kəndin girişində Hüseynin böyük fotosu vurulub, əvvəl onun şəkilini çəkirik və daha sonra qəbiristanlıqda maşını saxlayıb şəhidimizin məzarını ziyarət edirik. Atası, dayıları, qardaşı və qohum-əqrabaları da qəbir üstünə gəlir. Daha sonra şəhidimizin evinə gedib söhbətimizə davam edirik.
Şəhidimizin atası Vətənxan kişi övladının tərbiyyəsindən, davranışından, insanlara olan hörmətindən danışır:
“Daha sonra onu məşğələyə yolladım, amma həmin ərəfədə onu əsgər çağırdılar…”
“Üç qızım və iki oğlum var. Qızlar gəlin köçüb, Hüseyni nişanladım ki, onun da toyunu edim. Qardaşı isə ondan kiçikdi. Hüseyn uşaq yaşlarından dərslərini əla oxuyub. Daha sonra mən onu idmana qoydum və boksla məşğul olmağa başladı. Hələ uşaq yaşlarından zona yarışlarında yerlər tutdu. 9-10-cu siniflərdə iki dəfə Respublika Çempionu oldu. Orta məktəbi bitirdikdən sonra sənədlərini Bədən Tərbiyyəsi İnstitutuna versə də, imtahandan kəsildi. Daha sonra onu məşğələyə yolladım, amma həmin ərəfədə onu əsgər çağırdılar. Hüseyn idmançı olduğu üçün Zaqatalada Daxili Qoşunlarda xidmətə başladı. Daha sonra Şəkiyə yollandı və orda hərbi xidmətini başa vurdu”.
“Özüm də oğlumun bu cür hərəkətlərinə məəttəl qalmışdım…”
“Əsgərlikdən gələndə rayonda onu qarşıladım. Maşından düşən kimi diz-dizi sürünə-sürünə mənim qarşıma gəldi və görüşdük. Dedim ki, oğul, bu nə hərəkətdi edirsən, bütün millət bizə baxır. Dedi ki, “ata, mən bunu əhd eləmişdim”. Özüm də oğlumun bu cür hərəkətlərinə məəttəl qalmışdım. Daha sonra dedi ki, “ata, mən hərbidə qalıb işləmək istəyirəm və sənin bir dənə xeyir-duan lazımdı”. Dedim ki, oğlum, əgər sən istəyirsənsə, get, Allah xeyrini versin. Hüseyn üç il Daxili Qoşunlarda xidmət etdikdən sonra Milli Orduya göndərildi. İşlədiyi 10 il ərzində hələ biz onun hansı vəzifəni daşıdığını bilməmişik. O, şəhid olandan sonra döyüş yoldaşları mənə dedi ki, Hüseyn ən müasir silahlardan birini idarə edib və o verilən kordinatla düşmən mövqelərini məhv edirmiş”.
“Dedi ki, ata, maşını saxlama, şəhidin ruhuna hörmətsizlik olar…”
“Döyüşlər başlayanda isə təbii ki, hamımız narahat idik. Özüm 30 ildir təcili tibbi yardım maşını sürürəm. Sentyabrın 27-də Füzulidən rayonumuza şəhid gətirirdim və Bəhrəmtəpə deyilən ərazidə Hüseyngilin kolonu ilə rastlaşdıq. Maşında komandirdən icazə alıb oğlumla görüşmək istədim və o, da razılıq verdi. Amma Hüseynə zəng vurub burda onunla görüşmək istədiyimi deyəndə dedi ki, “ata, maşını saxlama, şəhidin ruhuna hörmətsizlik olar, sür get. İmkan olar sonra görüşərik, olmaz axirətdə görüşərik”. Onda yenə oğlumun hərəkətinə məəttəl qaldım”.
“Daha sonra yaxınlarım qapımıza gəlib oğlumun şəhid olduğunu dedilər…”
“Bir neçə gün sonra isə Hüseynlə əlaqə saxlaya bilmədik. Artıq hiss edirdim ki, boğularam. Daha sonra yaxınlarım qapımıza gəlib oğlumun şəhid olduğunu dedilər. Hüseyni oktyabrın 1-də böyük izdihamla kəndimizdə dəfn etdik. Döyüş yoldaşları bir neçə gün öncə bizə gəlmişdi və dedilər ki, Hüseyn silahı maşından idarə edirdi, amma həmin vaxt yerinə köməkçisini oturdaraq yerə düşüb üçrəngli bayrağımızı sinəsinə qoyub və irəli gediblər. Yolda bayraq yerə düşüb və döyüşçü yoldaşlarına deyib ki, bayrağı götürün. Onlar bayrağı götürəndən sonra bir də baxıblar ki, Hüseyn və döyüş yoldaşı birlikdə şəhid olub”. (Ağlayır)
Şəhidimizin anası Ədilə xanımın bir azusu var və o da kənd məktəblərinə şəhid oğlunun adının verilməsidir. Şəhid anası bunu işıqlandırmağımızı bizdən dönə-dönə xahiş etdi. Ümid edirik ki, aidiyyatı qurumlar şəhid anasının bu istəyinə biganə qalmayacaqlar.
Şəhidimizin atası deyir ki, hazırda həbsdə olan rayonun sabiq icra başçısı Namiq Zeynalov evlərindən qəbiristanlığa qədər olan yolu nəinki təmir etməyib, heç onların ailəsi ilə maraqlanan olmayıb. Şəhid atası özü xərc çəkərək həm öz evindən qəbiristanlığa qədər gedən yolu və bir də Hüseynin nişanlısının yaşadığ küçənin yolunu təmir etdirib. Hüseyn üçün ayrılmış otaqda isə ona verilən şkaf və stolları rayonda mebel işiylə məşğul olan Əlisurət adlı şəxs hədiyyə edib.
Allah Vətənimizin azadlığı uğrunda şirin canından keçən cəmi şəhidlərimizə rəhmət eləsin!