2021/05/5fb65-1620249462.jpg

line
Adı: Babayev
Soyadı: İqbal
Ata adı: Zəki
Doğum tarixi: 10.09.1995
Şəhid olub: 21.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
İqbal Zəki oğlu Babayev 1995-ci il sentyabrın 10-da Xətai rayonunda dünyaya göz açıb. 257 saylı orta məktəbi məktəbi bitirdikdən sonra Xəzər Universitetinə qəbul olunub, ikinci kursdan isə öz istəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Akademiyasında təhsilini davam etdirib.

2018-ci ildə universitetin iqtisad fakültəsini bitirən İqbal həmin ilin iyun ayında hərbi xidmətə, Vətənin müdafiəsinə yollanıb. Bir illik xidmətini Naxçıvanda başa vurduqdan sonra 2019-cu ilin iyun ayında hərbidən tərxis olunub. Vətənə borcunu ödədikdən sonra İqbal dövlət qulluğuna hazırlaşmağa başlayıb.


Fəqət, hamının səbirsizliklə gözlədiyi Qarabağ savaşı başlayanda İqbal torpağını sevən bir gənc kimi Xətai rayon Hərbi Komissarlığına üz tutub və Vətən uğrunda döyüşmək üçün adını könüllülər sırasına yazdırıb. Çox keçmədən ona çağırış vərəqəsi gəlib və qəhrəmanımız ön cəbhəyə yollanıb. İqbal Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə aslan kimi düşmənə qan uddurub.


Döyüş yoldaşlarının dediyinə görə, düşməndən azad olunmuş yaşayış məntəqələrimizdən birinə üçrəngli bayrağımızı asmaq üçün dörd nəfər könüllüyə ehtiyac olub. İqballa birlikdə üç nəfər irəli atılıb. Bayrağımızı yüksəkliyə asmaq İqbalın nəsibindəymiş... Sonuncu dəfə müqəddəs Vətən bayrağını başı üzərinə qaldırdıqdan sonra, 21 oktyabrda Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olub.


Çətin relyefdə bir neçə gün İqbalın nəşini döyüş bölgəsindən çıxarmaq mümkün olmayıb. Nəhayət, oktyabrın 27-si silahdaşları onun nəşini ərazidən çıxarmağa müvəffəq olublar. Gözlərini əbədi yuman qəhrəmanımızın nəşi Beyləqan rayonuna gətirilib.


Atası, Şirvan Apellyasiya Məhkəməsinin hakimi (Mülki Kollegiyanın sədri) Zəki Babayev öz qəhrəman övladının nəşini buradan təhvil alıb, ata yurdu olan Qəbələdə babasının yanında torpağa tapşırıb. Şəhid İqbal Babayev ölümündən sonra Prezidentin Sərəncamlarına əsasən, "Vətən uğrunda" "Füzuliin azad olunmasına görə" medalları ilə təltif edilib.


Şəhidimizin atası oğlu ilə bağlı xatirələrindən danışır: "İqbal heç vaxt turş, acı şey yeməzdi. Mən indi başa düşürəm ki, Tanrı onu şəhidlik məqamına yüksəltmək üçün yaradıbmış. Adətən, şəhidlər xüsusi seçilmişlər olur. İqbal həmişə deyirdi ki, mən də babam kimi, nəslimizdə ad qoyacağam. Babası Əlimirzəyev Əşrəf Oruc oğlu Sovet dövründə Sosialist Əməyi Qəhrəmanı olub. Babasına oxşamaq istəyirdi və istəyinə nail oldu. Həmişə Qarabağdan söz düşəndə damarlarında qanı qaynayır, Vətəni ermənilərdən azad etmək üçün çılğına dönür, döyüş atəşiylə yanırdı İqbal. Məhz elə bu səbəbdən onun tabutu Qəbələdə böyük izdihamla qarşılananda, bir anlıq onun mənim deyil, bütün Azərbaycanın övladı olduğunu hiss etdim. Tələbə yoldaşları bizi mütəmadi ziyarət etdikcə ürəyim dağa dönür. Onların hər birinə minnətdaram. Məni sevindirən bir məqam da odur ki, Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində xalqımız döyüşə səfərbər oldu və torpaqlarımız azad edildi. Əsgərlərimiz bütün dünyaya öz gücünü göstərdi. Başımız sağ olsun!"