Kənan Səlimzadə Məmiş 1997-ci il noyabrın 25-də İsmayıllı rayonunda dünyaya göz açıb.
Kənan Səlimzadə 2014-cü ildə Qubaxəlilli kənd tam orta məktəbini bitirib, Hərbi Tibb Məktəbinə qəbul olub. 2016-cı ildə bu məktəbi bitirərək hərbi sahədə çalışmağa başlayıb. Kənan məsuliyyəti, savadı, intizamlılığına görə dəfələrlə fəxri fərmanla təltif olunub. Vətən müharibəsi başlayanda isə torpaqlarımızın azadlığı ugrunda gedən qızğın döyüşlərdə yer alıb.
Hərbi feldşer olan Kənan Füzulinin azad olunması uğrunda döyüşlərdə yaralı əsgəri xilas edərkən düşmən snayperinin gülləsinə tuş gəlib və 3 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Səlimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Səlimzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidimiz “Füzulinin azad olmasına görə" medalıilə də təltif olunub.
Kənan nişanlı olub, ailəsi toya hazırlaşırmış. Kənan haqqında qazimiz baş leytenant Pərvin Abdullayev deyib: "Döyüş vaxtı hamımızı sarsıdan Kənanı çox tez itirməyimiz oldu. Bu, döyüşdə bizim üçün ən acı səhnə idi. Güllə Kənanın gözündən dəymişdi. Dünyasını dəyişərkən o biri gözü açıq qaldı. Biz onu qapaya bilmədik. O bu həyatdan nakam getdi. Arzuları, istəkləri yarımçıq qaldı. Mən arzuları ürəyində qalan, Kənanla fəxr eliyən valideynlərinə səbr arzulayıram".