2021/09/geray-1632571141.jpg

line
Adı: Soltanlı
Soyadı: Gəray
Ata adı: Xəlil
Doğum tarixi: 29.10.1993
Şəhid olub: 03.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Gəray Soltanov 1993-cü il oktyabrın 29-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Ailəli idi. Bir qızı yadigar qaldı.

Hələ orta məktəb illərində vətənpərvərliyi ilə seçilən Gəray böyükdən-kiçiyə hər kəsin sevimlisi olub. Hərbi xidmətini sülhməramlı qrupun tərkibində yerinə yetirən Gəray hərbi biliklərə peşəkarcasına yiyələnib. O, Aprel döyüşlərində də cəbhəyə könüllü yollanmışdı. Elə Vətən müharibəsində də öz istəyi ilə döyüşlərə qatıldı.

Vətən müharibəsinə könüllü yollanan Gəray Soltanov ailəsini atasına əmanət edərək, döyüşlərə qoşulmuşdu. Tək arzusu torpaqlarımızın azad edilməsi idi. 44 günlük Vətən müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gəray Soltanov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.

Şəhidin atası Xəlil Soltanov deyir ki, şəhidlərimizin hər biri eyni amalda olan qəhrəmanlardır: “Gəray hər zaman vətənpərvərliyi ilə seçilirdi. O, iyul hadisələrindən sonra hərbi komissarlıqda qeydiyyatdan keçdi. Vətən müharibəsi başlayan zaman isə könüllü olaraq cəbhəyə getdi. Baxmayaraq ki, ailəli idi, bir övladı var, Vətən sevgisi onun üçün əziz oldu. Gedərkən ailəsini bizlərə əmanət edib, vidalaşdı. Gəray döyüşlər zamanı göstərdiyi şücaətə görə seçilib. O, Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabr ayının 4-də isə qəhrəmancasına şəhid olub. Bu gün biz bütün şəhid övladlarımızla fəxr edirik. Çünki onların sayəsində Vətənimiz yağı düşmənin tapdağından xilas edildi, şəhidlərimiz özlərindən əvvəlki şəhidlərin də qisasını aldılar”.

Şəhidin həyat yoldaşı Mələk Soltanova Gəray haqqında qürurla danışır. “Gəray çox ailəcanlı və vətənpərvər insan idi. Döyüşlər başlayan gün bir an belə tərəddüd etmədən “övladımızdan muğayat ol” deyərək, cəbhəyə yollandı. Bir neçə dəfə əlaqə saxlamışdım, hər dəfə qələbə haqqında bəhs edərdi”, - deyə şəhidin həyat yoldaşı bildirir.

Gəray Cəbrayıl istiqamətində gedən döyüşlərdə son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalıb. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” ,“Cəbrayılın azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.