Elnur 2012-ci ildə hərbi xidmətə yollanıb. Fiziki baxımdan güclü olduğu üçün FHN-in Xəzər rayonunda yerləşən hərbi hissəsində xidmətə başlayıb.
O, hərbi xidməti başa vurduqdan sonra polisə ictimai nəzarət qrupuna şəxsən keçmiş daxili işlər naziri Ramil Usubov tərəfindən seçilib. Lakin Elnurun vətəninə olan sevgisi, dədə-baba torpaqlarını işğal edən düşmənə qarşı nifrəti onu hərbçi olmağa sövq edib.
Elnur Vətən müharibəsinin başlamasından bir neçə ay öncə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılıb.
Ailəsinin və dostlarının dediyinə görə, Elnur döyüşlərin ən qızğın olduğu bölgələrdə qəhrəmanlıqla iştirak edib. Xüsusilə Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlının, Şuşa yolunun nəzarətə götürülməsində iştirak edib və ön sıralarda döyüşüb.
O, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə öz həyatını təhlükəyə ataraq yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəhidimizin üzünü görmədiyi iki aylıq körpəsi yadigar qalıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərancamı ilə Şəhid Elnur Şahmurad oğlu Cabbarov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunasına görə”, “Xocavəndin azad olunmasına görə“ medalı və “Qarabağ” ordeni ilə təltif edilib.