44 gün davam edən Vətən Müharibəsinin sonunda xalqımız öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olan vətənpərvər oğullarımızdan biri də Kamran Əliyevdir. Kamran Rasim oğlu Əliyev 28 iyul 2001-ci ildə Lənkaran rayonunun Aşağı Nüvədi qəsəbəsində dünyaya gəlib.
Azərbaycan Ordusunun əsgəri olan Kamran 2020-ci il sentyabrın 27-də Ermənistanla Azərbaycan arasında başlayan II Qarabağ müharibəsi dövründə Xocavənd döyüşlərində fərqlənib. O, oktyabrın 12-də Xocavənddə gedən ağır döyüşlər zamanı aldığı qəlpə yarası nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə də təltif edilib.