Lənkəran rayonu N.Axundov adına Boladi kənd 1 nömrəli məktəbdə təhsil alıb.
Müəlliminin sözlərinə görə, Taleh sakit təbiətli, vətənpərvər bir şagird idi. Hələ uşaq yaşlarından onun qəlbində düşmənə böyük nifrət olub. Vətəninə sevgisi, düşmənə nifrəti Talehin həyatına təsirsiz ötüşməyib.
2014-cü ildə Ağdam istiqamətində bir neçə hərbçimizin şəhid olmasından sonra o, bununla barışmayaraq, müddətdən artıq hərbi qulluqçu kimi xidmətə yazılmaq qərarına gəlib. İxtisasca sürücü olsa da, artilleriya divizionunda xidmət etdiyi müddətdə istər silahla fərdi davranış, istərsə də 122 mm-lik D-30 haubitsa-topu barədə biliklərə yiyələnib. Onun bu biliklərə yiyələnməsi 2016-cı ildə Aprel döyüşlərində öz bəhrəsini verib.
Taleh Vətən müharibəsinin ilk günlərindən cəbhənin ən gərgin istiqamətlərində xidmət edib. Son dəfə ailəsi ilə danışanda Şuşa ətrafında olduqlarını söyləyib. Şəhidin həyat yoldaşı Gülay İsmayılova bildirib ki, cəbhənin cənub istiqamətində işğaldan azad olunmuş bütün torpaqlara ayağı dəyib:
“Sonuncu gün Şuşada olanda elə danışırdı ki, elə bildim döyüş bitib. Artıq hər şeyin bitdiyini, qələbəni hiss etmişdi. O, qələbə çalmışdı. Şuşada olduğuna çox sevinirdi".
Şəhidin sonuncu dəfə övladlarına dediyi söz isə “mən xoşbəxtəm ki, sizə müharibəni deyil, müqəddəs üçrəngli bayrağımızı vəsiyyət edirəm. Siz mənim dəyərlimsiniz, amma öncə Vətəndir” olub.
Şəhidimizin Murad, Yaqub, Yusif adlı 3 oğlu yadigar qalıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərancamı ilə Şəhid İsmayılov Taleh Səndal oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.