2021/05/13074-1620334222.jpg

line
Adı: Fərhadlı
Soyadı: Fərhad
Ata adı: Vüqar
Doğum tarixi: 08.12.1993
Şəhid olub: 20.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Fərhad Vüqar oğlu Fərhadlı 08 dekabr 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olub. Şəhid olmağı özünə şərəf bilən, yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, sarsılmaz əqidə daşıyıcısı Fərhad şüurlu şəkildə ölümü gözə alanlardandır. O, “Kapital bank”-ın əməkdaşı idi. Şəhidimizin İncisi Vətənə əmanət qalıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Fərhad bir an belə tərəddü etmədən ordu sıralarına qayıdıb, Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə qatılıb. Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. 20 oktyabrda Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən 3 yaralını xilas edib, 4-cünü çıxararkən vurularaq şəhid olub.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Fərhadlı ölümündən sonra "Vətən uğrunda" medalı, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin atası Vüqar Fərhadlı qəhrəman oğlunun döyüş yolundan danışır:

“Fərhad evin tək oğlu idi, bir bacısı var. Orta məktəbi bitirdikdən sonra Fərhad Azərbaycan Dövlət Neft və Sənayesi Universitetində təhsil aldı. Universiteti bitirdikdən sonra 2016-ci ildə hərbi xidmətə yollandı. Şanlı aprel döyüşləri zamanı o da ordu sıralarında idi. Hərbi xidmətini başa vurduqdan sonra 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə olunması üzrə magistr təhsili aldı. Fərhad çox tərbiyəli, ağıllı uşaq idi”.



Şəhid atası deyir ki, Fərhad hətta müharibədə də döyüş yoldaşlarının hörmətini qazanmışdı:

“İlk dəfə iş həyatına “Gilan-Holdinq”də başladı. Sonra isə “Kapital Bank”da işlədi. Hər iki iş yerində kollektivin hörmətini qazanmışdı. 2017-ci ildə ailə həyatı qurdu və İnci adında bir qızı var. Fərhad çox sosial, ətrafı geniş, qohumlar, dostları arasında hörməti olan bir uşaq idi. Hətta o müharibədə də döyüş yoldaşlarının hörmətini qazanmışdı. Həmişə də özündən böyüklərlə oturub-durardı. Onun siyasətə və futbola çox böyük həvəsi var idi. Ona görə də baş verən bütün hadisələri izləyirdi”.

"Poladın şəhid olmasını qəbul edə bilmirdi...”

“Fərhad şəhidlik zirvəsindən heç vaxt danışmasa da Tovuz döyüşlərində şəhid olan Milli Qəhrəman, general Polad Həşimova görə çox kədərlənmişdi. Poladın şəhid olmasını qəbul edə bilmirdi. Generalın şəhid olmasını tariximizdə çox böyük dəyişikliyə yol açacağını bilirdi. Mən özüm birinci Qarabağ döyüşlərinin iştirakçısı olmuşam. Fərhad Allaha inanan, həmişə onu qəlbində yaşadan bir uşaq idi. Arzusu evini təmir edib, ailəsiylə ora köçmək idi. O, şəhid olandan sonra hər şey dəyişdi. Həyatımız ancaq məcburiyyətlərdən ibarətdi. İndi onun ata həsrətiylə böyüyən bir İncisi var”, ata deyir.




Döyüş yoldaşı Füzuli Mayılovun dedikləri:

"24 sentyabr tarixində Fərhadla ilk dəfə söhbət etmişdik. İlk söhbətimizdə necə ağır xahsiyyətli biri olduğunu hiss etdim. Daha sonra hər düzülüşdə yanımda dayanırdı, söhbətləşirdik. 27 sentyabr səhər saatlarında döyüş əmri gəldi. "Kamaz"da yan-yana oturduq yol boyunca fikirli idik, lakin ruh yüksəkliyi var idi. Fərhad daim uşaqları ruhlandırırdı. Yorğun idik yol boyu bir-birimizə söykənib dincəlirdik. Fərhad həmişə mənə motivasiya verirdi. 27 sentyabrda Füzuli rayonundan döyüşə qoşulacaqdıq, lakin Horadizdə bölüyümüz vuruldu. 3 şəhid verdik, 17 yaralı Fərhad sanitar idi və 21 - 26 sentyabrda daim ixtisası ilə bağlı komandirlərin təlimlərinə ciddi şəkildə qoşulurdu, məsuliyyətli idi".




Qazimiz sözlərinə davam edir:

"Yaralılara dərhal kömək elədi, özünü itirmədi hərkəsə sakit olmağı özünü itirməməyi tapşırdı. 30 sentyabra qədər Füzülidə mövqeləndik. Fərhadla orada dostluğumuz daha da möhkəmləndi, mənə kiçik qardaşı kimi daim dəstək verirdi. 30 sentyabrda hücum əmri gəldi bizim tabora. Həmin gün Füzuli istiqamətində çox ağır döyüş oldu. İtki və yaralılar çox idi, Fərhadın vəzifəsi ən çətin vəzifə idi, çünki yaralıların həyatda qalması onun ilkin müdaxiləsinə bağlı idi. Çox yorğun idik susuz və isti hava göydən yağan mərmilər döyüş yoldaşlarının yaralanması, itkilər bu görüntülər sözlə ifadə olunmazdı. Bunlara rəğmən Fərhad özünü itirmədən bütün yaralılara əlindən gələn köməyi edirdi. Döyüş meydanından çıxarırdı. Həmin gün döyüşdən sonra istirahət verildi.

Fərhadın temperaturu var idi. Bu halda belə ancaq fikri bizim yanımızda olmaq idi. 3 oktyabr tarixində Füzulidə şiddətli döyüşlər başladı mən bu döyüşdə yaralandım. İlkin müdaxilədən sonra Fərhad yaramı sarıdı məni ordan çıxardı. Döyüş yoldaşlarımız həmin gün və sonrakı döyüşlərdə hər birində Fərhadın əməyindən danışırdı. Bir döyüşdə 12 yaralı əsgərə iynə vurdu yarasını təmizləyib döyüş meydanından çıxarılmasına kömək etdi. 4 güllə yarası almış əsgərimizə ilk yardımı o etdi. Həmin şəxs hələ də Fərhadın hər hansısa bir səhifədə adı çəkiləndə bunu deyirdi. Mən hospitaldan qayıtdıqdan sonra 15 oktyabr Cəbrayıl istiqamətində irəliləmək tapşırığı aldıq. Fərhad hər dəfəsində uşaqları ruhlandırır döyüşə həvəsləndirirdi. Aldığımız hər torpağa ayaq basanda Fərhadın gözündəki o qürur hissini görürdüm. Vətənə çox bağlı idi. 15 oktyabr Cəbrayıl istiqamətində irəliləməyə başladıq. Yolumuz çox uzun idi. Soyuqda yatanda Fərhad öz buşlatı ilə üstümü örtür nəfəsi ilə əllərimi qızdırırdı. Böyük qardaş kimi hər an yanımda idi. Fərhad orda sadəcə döyüş yoldaşı deyildi bizə hər birimizin ümid güvən yeri idi. Çünki biz bilirdik ki bizə nəsə olsa Fərhad nə olur olsun bizi ordan çıxaracaq, yaramızı saracaq. Düşməni kənddən qovan zaman Fərhadla birgə düşmənin üzərinə qaçanda Fərhadın gözündəki nifrəti gördüm. Yeməyini, suyunu hər kəslə paylaşırdı. Qızının ad günü olacaqdı 24 oktyabr çox ümid edirdi yanında olacağına. 19 Oktyabr günü ailəsi ilə danışdı yenə həmişə olduğu kimi ailəsinə təskinlik verir döyüşdə olmadığını arxada olduğunu deyirdi. 20 oktyabr günü çox ac idik. Fərhad tanımadığımız bir əsgərdən bizim üçün peçenye aldı. Onu 3 nəfərə böldü yedik. Bir qabdan yeyib- içirdik. Elə o son yediyimiz gün oldu. 20 Oktyabr pusquya düşdük. Fərhad yaralıları çıxarırdı. Durmadan hər birinə kömək edirdi. Taborun qabağında çıxış edirdi ruhlandırır həvəsləndirirdi hamını. Daha sonra yenidən irəlidə yaralı vəziyyətdə qalan yaralıları, şəhidləri çıxarmaq üçün döyüş meydanına yollanan zaman düşmən mərmisi Fərhadın çox yaxınına düşdü. Fərhad şəhid oldu".