Hüseynov Kamran Bəhman oğlu 1996-cı il avqustun 14-də Bakı şəhərində anadan olub.
2002-2013-cü illərdə Bakı şəhərində 287 saylı Zəkalar liseyində, 2013-2017-ci illərdə isə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alıb.
Kamran Hüseynov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamran Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.
Kamran Hüseynov oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.Ailəli idi. Bir oğlu yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
***
Həmin günü mən heç vaxt unutmaram. 1 oktyabr 2020-ci ili-Vətən sevdalısı Kamran Hüseynovun şəhid olduğu günü…
Kamranın anası Sevda xanım Bakıda yaşasa da, doğma Naxçıvana-Kükü kəndinə gəlmişdi. 44 günlük Vətən müharibəmiz başlayanda Kamran könüllü orduya yazılmışdı. Valideynlərinə isə döyüş bölgəsinə çatdıqdan sonra xəbər vermişdi. Şəhid olduğu gün isə onun Füzuli rayonunda olduğunun xəbərini almışdıq. Nigaran qalan ana Sevda xanıma ürək-dirək vermək üçün onlara getmişdim. Qəfil gələn telefon zəngi… və ana qəlbindən qopan acı fəryad… -Kamran şəhid olmuşdu.
Kamran igid, qəhrəman kimi doğulmuşdu. Haqsızlığa, ədalətsizliyə dözməzdi. 24 yaşlı igid ailənin bir övladı idi. Müəllimləri, şagird, tələbə yoldaşları da onu ədalətli, qorxmaz, doğru bildikləri uğrunda mübarizə aparan biri kimi xatırlayır. Həmişə hərbi idman oyunlarında kapitan olarmış. Onların komandası muxtar respublikada I yerə çıxardı. Hərbi müəlliminin “Kamran, sən hərbçi kimi dünyaya gəlmisən” deməsini də hamı yaxşı xatırlayır. Ancaq Kamran Naxçıvan Müəllimlər İnstitutunun psixologiya ixtisasını bitirdi…
Hələ Aprel döyüşlərində Milli orduya yazılılıb döyüşə getmək istəmişdi, ancaq aparmamışdılar. Atası Bəhman deyir ki, “Qarabağ şikəstəsi” oxunanda çox narahat olurdu. Deyirdi: “Qarabağ erməni dığalarının tapdağında, biz ancaq şikəstəsini oxuyuruq”. İgidlik, qəhrəmanlıq, vətənpərvərlik onun xislətində idi. Tovuz döyüşlərində səfərbərliyə müraciət etdi. O günlərdə çox narahat idi. Mən ona hər şeyin bir zamana ehtiyacı olduğunu deyirdim. Lakin dinləmirdi, deyirdi ki, Qarabağ alınmamış mən ölsəm, nə özümü, nə də ki, əli silah tutan heç bir Azərbaycan vətəndaşını bağışlamaram. Su torpağa düşərsə, palçıq, şəhid qanı torpağa düşərsə, vətən olar. Qarabağsız Azərbaycan meyvəsiz ağaca bənzəyir”.
Vətən müharibəsi başlayanda isə könüllü cəbhəyə gedən Kamran ailəsi ilə danışanda hansı rayonda olduğunu demir. Ancaq “torpaqlarımızı ala-ala, erməni əsgərini qıra-qıra gedirik” deyirmiş. Cəbhədə əsgər yoldaşları ilə danışan Kamranın ailəsinə isə onların sözü belə olur: “Sağ olun ki, Kamran kimi oğul yetişdirmisiniz. Bir “od parçasıdır”. Çox qorxmaz, dürüst, vətənpərvər, torpağa bağlı əsgərdir, ürəkli döyüşçüdür. Düşmənin həm canlı qüvvəsini, həm də texnikasını məhv edir. Var olsun, onu yetirən torpağa, tərbiyə verən ata-anaya minnətdaram…”
Həmin gün Füzuli uğrunda gərgin döyüşlər gedirdi. Kamrangilin tağımı da ön cəbhədə igidliklə irəliləyirdi. Düşmənin xeyli canlı qüvvəsi və silah-sursatı məhv edilmişdi. Kamranın sevincinin həddi-hüdudu yox idi. Qəflətən Kamranın tağımının yaxınlığına bir minamyot düşür. Bir neçə nəfər şəhid olur, xeyli əsgər yaralanır. Kamran şəhid olan, yaralanan döyüş yoldaşlarını o ərazidən çıxarmağa çalışır. Sonuncu yaralı əsgəri öz səngərimizə çatdıranda Kamran və yaralı əsgər düşmən snayperinə tuş gəlir. Yaralı əsgər deyir ki, burdan sağ çıxsaq, doğulacaq olan oğlumun adını Kamran qoyacağam. Ancaq onların hər ikisi vətəni bütövləşdirmək yolunda şəhid oldular.
Kamran Hüseynov ailəli idi. Ondan geriyə Aslan adlı bir oğul övladı qaldı. Ataya oğul, vətənin gələcək əsgəri aslan kimi bir Aslan. “İki yaşlı körpə isə sanki atasının şəhid olduğunu duyur”-, deyir anası,- “Vətəni bütöv görmək üçün alışıb yanırdı. Şəhid kimi ölmək üçün, şəhid kimi yaşamaq lazımdır. Kamran ölümlərin ən ölümsüz olanını qazandı. Həmişə Aslanı bağrına basıb deyərdi ki, bugünkü nəsil Qarabağ kimi böyük bir dərdi sizin ümidinizə qoymayacaq. Siz Qarabağ acısı ilə böyüməyəcəksiniz…”
Vətən torpağı Kamran kimi igidlərin qəhrəmanlığı sayəsində bütövləşdi. Şuşaya üçrənglimiz sancılanda, Zəfər günümüzdə Kamran kimi narahat ruhlar rahatlıq tapdı. Ali Baş Komandanımız İlham Əliyev və onun qalib əsgərləri bizim Qarabağ dərdimizə məlhəm oldu.