44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Elgün Muradovdur.
Muradov Elgün Etibar oğlu 26 aprel 1998-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində anadan olmuşdur.
2004-cü ildə Şabran rayonu Ağalıq kəndində şəhid Elman Mütəllimov adına məktəbin birinci sinfinə daxil olmuşdur. Təhsilini Abşeron rayon Masazır kənd 3 saylı orta məktəbdə davam etdirmişdir. 2015-ci ildə həmin məktəbdən məzun olmuşdur. Həmin il Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. 2016-2017-ci illərdə "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdə qumbaraatan köməkçisi vəzifəsində xidmət etmişdir. Həqiqi hərbi xidməti fəxri fərman və təşəkkürnamələrlə başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2019-cu ildə təhsil aldığı kolleci "maliyyə işi" ixtisası üzrə bitirmişdir.
2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra Elgün Muradov adını könüllülər sırasına yazdırmışdır. 29 sentyabr 2020-ci ildə Vətən Müharibəsinə çağırılmışdır. Könüllü əsgər Elgün Muradov Cəbrayılın, Füzulinin, Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və fəal iştirak etmişdir. 21 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 30 oktyabr 2020-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Muradov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.