Vətən müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də şəhid Mirzəyev İbad Mənsur oğludur.
Mirzəyev İbad Mənsur oğlu 25.04.1999-cu ildə Ağsu rayonunun Kəndoba kəndində anadan olub.
Ailənin son beşiyi olan İbad hələ uşaq yaşlarında qəlbindəki Vətən sevgisi ilə yaxınlarının məhəbbətini qazanıb.
İbad Mirzəyev orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ildə hərbi xidmətini Murovdağ kimi çətin dağlıq relyefi olan ərazidə şərəflə başa vurur. O, yenidən ordu sıralarına qayıdaraq, xidmətini müddətdən artıq hərbi qulluqçu kimi davam etdirmək istəyir.
Sentyabrın 27-də müharibə başlayanda İbad da könüllü olaraq ön cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində gedən ağır döyüşlərdə fədakarlığı ilə seçilib, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikasının məhv edilməsində qəhrəmanlıqlar göstərib. Cəbhə yoldaşları İbadın 20-dək düşmən əsgərini məhv etdiyini bildirirlər.
Cəsur döyüşçümüz valideynlərinə yazdığı məkublarından birində torpaqlarımızı tezliklə işğaldan azad edərək, geri qayıdacağını bildirmişdi. İbadın ailə üzvləri ilə son telefon danışığı oktyabrın 19-da olur. O, cəbhənin ən ağır yerində döyüşməsinə baxmayaraq, hər şeyin yaxşı olduğunu və tezliklə evə qələbə ilə dönəcəyini deyib. Lakin, 20 oktyabr 2020-ci ildə Füzulinin işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlər zamanı düşmən snayperinin gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. İbad Mirzəyev oktyabrın 21-də Ağsunun Kəndoba kənd qəbiristanlığında torpağa tapşırılıb.
Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə “Vətən Uğrunda” medalı ilə (ölümündən sonra) təltif olunub.