2022/01/kamrs-13136116936.jpg

line
Adı: Kamran
Soyadı: Seyfullazadə
Ata adı: Cəlal
Doğum tarixi: 14.01.1999
Şəhid olub: 04.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Seyfullazadə Kamran Cəlal oğlu 14 yanvar 1999-cu ildə Astara rayonunda anadan olub. Orta təhsilini Astara şəhər F.Əliyarov adına 6 saylı orta məktəbdə alıb. Ailədə iki övlad - bir qardaş, bir bacı olublar.

Bacısı Samirə xanımın sözlərinə görə, Kamran Azərbaycan ilə nəfəs alırdı:
- Anaya, bacıya o qədər bağlı insan idi ki, bizim nəyəsə ehtiyacımız olmağına imkan vermədi. Bir insan oğlu tərəfindən, qardaşı tərəfindən nə qədər sevilə bilərsə, o qədər sevdi bizi. Hərdən ona deyirdim, "Bu qədər sevgimi olar?" Cavab verirdi ki, "Səni hələ bundan da çox sevəcəyəm".



İyul ayında Tovuz hadisələri zamanı general Polad Həşimovun şəhid olması xəbərindən sonra Kamran hərbi komissarlığa gedərək könüllü kimi iki dəfə ərizə yazıb. Sonra iki dəfə də Səfərbərlik Xidmətinin saytında qeydiyyatdan keçib.


- Sentyabrın 21-i idi, mən Lənkərana xəstəxanaya getməli idim,- Samirə xanım danışır,- Səhər getdim Kamranı qucaqladım, öpdüm, zarafatla dedim ki, "Ola bilsin xəstəxanadan dönmədim". Astaranın çıxışına çatanda Hərbi Komissarlığın qarşısının gənclərlə dolu olduğunu gördüm. İlk ağlıma gələn o oldu ki, yəqin, oktyabr çağırışına görədir bu izdiham. Tez Kamrana zəng etdim. Dedim "Kamran oyanmısan, gedirsən işə?". Dedi "Nə iş?! Xəbərin var, nə olub? Uşaqlar mənə zəng edib dedilər ki, təlimlərdə iştirak etmək üçün könüllüləri yığırlar. Mən 4 dəfə ərizə yazmışam, xeyir ola məni aparmırlar?"


Kamran bacısı ilə danışandan sonra durub, hərbi biletini də götürüb komissarlığa gedib. Orada deyib ki, "Mən başa düşmürəm, siz bunları aparırsınız, hamısı da məndən yaşca kiçik və hərbi xidməti yeni bitiriblər, bəs məni niyə aparmırsınız?" Komissarlıqdan deyiblər ki, sizə də növbə çatacaq. Kamran deyib ki, "Mən növbə gözləyə bilmərəm. Ya aparırsınız, ya da gedib şikayət edəcəm ki, 4 dəfə ərizə yazıb qeydiyyatdan keçmişəm, məni aparmayıblar".


Kamran Füzulidən bacısına zəng vuraraq, təlimdə olduğunu bildirib: "Təlim başa çatsın, gələcəyəm. Əgər gəlməsəm, sən canavarsan, ana sənə əmanət".
- Mən heç vaxt ondan ayrı qalmamışdım. Dedim "Mən təkəm, atam da yanımda yoxdur. Sənsiz nə edərəm axı?!" Mənə nə desə yaxşıdır? Dedi, sən mənim üçün dua et ki, qardaşım şəhid olsun. Cavab verdim ki, "Mən bunu necə dilə gətirə bilərəm, necə dua edə bilərəm axı?",- Samirə xanım xatırlayır.


Döyüşə-döyüşə irəli getdiyi günlərdə Kamran bacısına "Mən arxa cəbhədəyəm, narahat olmayın" deyirmiş. Hadrutda olarkən divarların birinə "Astara - Qarabağ Azərbaycandır!" yazıb. Bacısı ilə son danışığı oktyabrın 31-dən 1-nə keçən gecə baş tutub.

- Gecə 2 idi, zəng etdi, dedi ki, "Mənə haqqını halal edirsən? Mənim haqqım sənə halal olsun". Dedim ki, "Sən mənim ata əvəzim olmusan, sən haqqını mənə halal et. Mənim sənin üzərində heç bir haqqım yoxdur". Mənə son sözü o oldu ki, "Azərbaycandan kənara addım atma". Qardaşım şəhid olan astaralı general Nail Orucovun nəşini neytral zonadan çıxardığını dedi. Kamrandan imkan tapıb neçə erməni hərbiçisi öldürdüyünü də soruşdum. Dedi, "43-ə qədər saymışdım, sonrası yadımda deyil". Telefon danışığımızdan 5 gün sonra Kamranın şəhid olduğu xəbərini aldıq,- bacısı deyir.


Kamran çox cəsur oğlan idi. Döyüş yoldaşları onu "cəngavər" çağırırdılar. O, Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Şuşanın azad olunmasına az qalıbmış. Səid Bayramov adlı döyüş yoldaşına əməliyyat tapşırığı verilib. Kamran onu qoymayıb ki, "Sənin evdə ailən var, körpə uşağın var, səni gözləyir. Mən gedəcəyəm".
İki avtomatla düşmənə hücum edərkən, əlbəyaxa döyüş zamanı "təngənəfəs oluram" deyərək, zirehini çıxarıb. Bu zaman minomyot qəlpəsi ürəyinə dəyib.


Kamran noyabrın 4-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 5-də doğulduğu Astara rayonunda dəfn olunub.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Kamran Seyfullazadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.