"Ölsəm ağlamayın, bilin ki, mən qələbəmizin şəhid əsgəri olacağam" demişdi və elə də oldu. 44 günlük müharibədə igidcə döyüşərək düşmənə qan uddurdu qəhrəman zabitimiz.
Əlisahib Ələkbərov 1994-cü il yanvarın 15-də Salyan rayonunun Piratman-Gəncəli kəndində anadan olub.Salyan rayon sakini, Milli ordumuzun zabiti, baş leytenant Əlisahib Ələkbərov atasının etirazlarına baxmayaraq, hərbçi olmağı seçmişdi. Ona görə də əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi məktəbə, sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub. Təhsilini başa vurduqdan sonra zabit kimi vətənə xidmət göstərib. İlk döyüş yolu Tovuz istiqamətində baş verən döyüşlərdən keçib. Vətən müharibəsinə Murov istiqamətində qatılıb. Şiddətli döyüş zamanı ayağından yaralanan komandir qarşıdakı yüksəklikdə əsgərinin vurulduğunu görüb.
Əlisahib Ələkbərov ailəsi ilə sonuncu dəfə sentyabrın 26-da danışıb. Anasına deyib ki, telefonda deyə bilmədiklərimi sənə məktubda yazmışam.
Təzə evlənmişdi. Ailəsinə, vətəninə bağlı oğul idi. Elə oğluna da gözünün qabağında şəhid olmuş əsgər yoldaşının adını qoymuşdu - Orxan. Həyat yoldaşı deyir ki, noyabrın 27-də iki saatlıq icazə alıb evə gəlmişdi. Orxanın ad günü idi.
Şəhid zabitimizin vəfatından sonra ikinci oğlu dünyaya gəlib. Ailəsi ona atasının adını verib.
Qeyd edək ki, Əlisahib sentyabrın 29-da şəhid olmuş əsgərini döyüş meydanından çıxararkən şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əlisahib Ələkbərov "Qarabağ" ordeni ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisahib Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisahib Ələkbərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.