Babaxan Əlövsət oğlu Babayev 1996-cı il fevral ayının 10-da Naxçıvan Muxtar Respublikasının Şərur şəhər Yuxarı Yayçı kəndində anadan olub. Məktəbə kənddə başlayan Babaxan daha sonra təhsilinə Baki şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində, 188 nömrəli tam orta məktəbdə davam edib.
Babaxan məktəb illərində idmanla məşğul olub, sərbəst güləş üzrə üç dəfə Azərbaycan Çempionu adını qazanıb. 2014-cü ildə orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yola düşüb.
2019-cu ildən Milli Orduda kəşfiyyatçı işləməyə başlayan Babaxan müharibə başlayanda Qarabağa yola düşüb. O, Füzuli, Murovdağ, Suqovuşan, Hadrut uğrunda gedən döyüşlərdə və bir sıra strateji yüksəkliklərin alınmasında şücaət göstərərək xeyli düşmən qüvvəsini məhv edib. Əsgər yoldaşlarını meydanda tək qoymayan qəhrəmanımız eyni zamanda yaralı yoldaşlarını döyüş bölgəsindən çıxararaq tibb məntəqəsinə çatdırıb.
Yoldaşlarının qeyd etdiyinə görə, əsgərləri özündən çox istəyirmiş. Dağları, təpələri aşıb, su doldurub kürəyinə ataraq onlara gətirirmiş. Babaxan əsgər yoldaşları ilə birgə Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə mühasirəyə düşsə də Milli Ordumuzun əsgərləri tərəfindən azad ediliblər.
17 oktyabrda Hadrutda gedən döyüşdə Babaxan yaralansa da, buna əhəmiyyət verməyib, qan içində olan yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyəndə uzaq məsafədən minamyot atəşi ilə ayaqlarından yaralanıb yodaşlarının arasında şəhadətə qovuşub. Son nəfəsində “Biz ölmürük, şəhid oluruq” deyən Babaxan adını əbədiyyətə qədər vətən torpağına həkk edib.
Şəhidin cənazəsi 24 oktyabrda üç rəngli bayrağa sarılaraq Qarabağdan ata yurduna gətirilib. Naxçıvan Hava Limanında izdihamla qarşılanan şəhidimizin nəşi ata ocağına, sərhəd kəndi Yuxarı Yaycıya gətirilərək Şərur şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidin anası Kəmalə xanım igid oğlundan danışır: “Babaxan vətəninə və ailəsinə bağlı oğul idi. Hər gün səhər saat 6-da işə gedirdi. Axırıncı dəfə işə gedəndə mənə dedi ki, "Ana, mən Qarabağa kəşfiyyatçı kimi getmək istəyirəm". Axşamsa zəng vurub dedi ki, "salamat qalın. Bu yolun gedib, gəlməməyi də var. Mən gedib Vətən üçün öləcəyəm!"
Babaxan Babayev müharibədə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" müvafiq Sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda” , “Hərbi xidmətlərə görə" və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.