Toğrul Habil oğlu Xudiyev (29 dekabr 1999- Beyləqan rayonu. 9 noyabr 2020- Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Toğrul Xudiyev 1999-cu il dekabrın 29-da Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Toğrul Xudiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Xudiyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Xudiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Xudiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.