Elsevər Ağacan oğlu Əhədzadə 3 iyul 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhəri Nizami rayonu Xalid Quliyev adına 62 nömrəli tam-orta məktəbin birinci sinifinə gedib. 2012-ci ildə məktəbi bitirib və həmin il Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat texnologiyası fakültəsinin Tikinti matereallarının və məmulatlarının mühəndisliyi ixtisasina qəbul olub. Universiteti yüksək nəticələr ilə bitirdikdən sonra 2016-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmətə çağrılıb. Tovuz rayonunun “N” saylı hərbi hissədə xidmət edib və 2017-ci ildə xidmətini başa vurub.Elsevər hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə bir neçə tikinti şirkətində çalışıb.
Qardaşı Fərid ondan 2 yaş kiçik olsa da, tale elə gətirmişdi ki, birgə hərbi xidmət keçmişdilər. 2016-cı ildə 2 qardaş Tovuzun Əlibəyli kəndində xidməti borclarını yerinə yetirirdilər. Hərbi xidmətə daha əvvəl deyil, iyul ayında çağırıldıqlarına, Aprel döyüşlərində iştirak edə bilmədiklərinə çox təəssüflənmişdilər.
2020-ci ilin iyulunda general Polad Həşimovun və hərbçi yoldaşlarının şəhid olması xəbəri 2 qardaşa da çox təsir etmişdi. Elsevər böyük qardaş olduğundan kiçik qardaşına qıymadı, həm də valideynlərinin onlardan başqa övladları yox idi, özü könüllü Səfərbərlik Xidmətinə ərizə ilə müraciət etdi. Sentyabrın 21-də onu hərbi təlimə çağırdılar, 6 gün sonra müharibə başladı. Sentyabrın 28-də Fəridə də çağırış vərəqəsi gəldi. Böyük qardaşın kiçik qardaşdan xəbəri olmadı. Elsevər Füzuli, Fərid Hadrud-Xocavənd istiqamətində döyüşürdü. Bir-birlərindən xəbər ala bilməyən qardaşlardan kiçik olan Fərid oktyabrın 16-də ağır yaralanıb. Oktyabrın 21-də Elsevər sonuncu dəfə valideynlərilə telefonla danışıb, 3 gün sonra isə Füzuli uğrunda döyüşlərdə şəhid olub.
Fərid hospitalda yatdığı üçün Elsevərin şəhid olduğunu ona deməmişdilər, o, noyabrın 17-də xəstəxanadan evə buraxılanda qardaşının bayraqlı şəklilə göz-gözə gəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elsevər Əhədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elsevər Əhədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.