2021/05/EoY9B-1620545065.jpg

line
Adı: Eyvazov
Soyadı: Əbülhəsən
Ata adı: Balaş
Doğum tarixi: 01.10.1996
Şəhid olub: 28.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı
Eyvazov Əbülhəsən Balaş oğlu 1 noyabr 1996-cı ildə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. Ailənin kiçiyi, iki bacının bir qardaşı idi. Subay idi. Əbülhəsən hələ körpəykən ailəsi Bakıya - Nardaran qəsəbəsinə, bir neçə il sonra isə Bakı şəhəri, Xətai rayonu, “NZS” qəsəbəsinə köçüb. 2003-cü ildə Əbülhəsən “NZS” qəsəbəsində yerləşən 165 saylı orta məktəbin 1-ci sinifinə qəbul olunub. Əbülhəsən hər zaman öz təbiyəsi, əxlaqı, mədəniyyətilə seçilib. Hər kəs onu "Əbi" deyə çağırardı...

Əbülhəsən 2014-cü ildə orta məktəbi bitirdikdən sonra, oktyabr ayında hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə keçib. Əsgərlikdə olduğu vaxtlarda da hərbçi yoldaşları arasında hörmət qazanıb. Hərbi hissə komandiri Əbülhəsənin atasına bu cür ləyaqətli övlad böyütdüyü üçün təşəkkür edib.



2016-cı ilin aprel ayında hərbi xidmətdən tərxis qərarının çıxmasına baxmayaraq, "Aprel döyüşləri"nin başlanmasıyla əlaqədar Əbinin ordudan təxris olunması aprel ayının sonuna qədər ləngiyib və o, Aprel döyüşlərində iştirak edib. Bu müharibədə qəhrəmanlıq göstərən Əbülhəsən döyüşlər bitdikdən sonra xidmətini başa vurub, fəxri fərmanla təltif olunaraq evə qayıdıb.



Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra Bakıdakı şadlıq saraylarından birində video-operator işləməyə başlayıb. Lakin toyun səs-küyü onu yorduğundan bu işdən ayrılmalı olub və bir müddət fərqli sahələrdə çalışıb. Nəhayət, paytaxtın ən nüfuzlu restoranlarından sayılan “Mangal-stake house”da işə götürülüb, burada qısa müddətdə aşpaz peşəsinin sirrlərini mənimsəyib.



Əbülhəsən böyrək xəstəsi olan, fəhləliklə ailəsini dolandıran atasının ağır işlərə getməsini istəmirdi: “İndiyədək çox əziyyət çəkmisən, indi sən dincəl, mən işləyəcəyəm” deyirmiş. O, hər gün səhər tezdən yuxudan qalxıb Zığdakı çörək və un məmulatları istehsalı müəssisəsinə gedir, orada hazırlanan lavaşları Bakının müxtəlif yerlərində mağazalara paylayır, günortadan sonra digər iş yerinə - Bayıldakı ictimai-iaşə müəssisəsinə yollanır və gecə yarısı evə qayıdırdı. Çətinliklə başa gəlsə də, öz zəhməti sayəsində aylıq qazancı ilə ailəyə dəstək olurdu. Əbülhəsən evlənmək istəyirdi, sevdiyi qız da vardı. Ev tikdirməyə hazırlaşırdı. Özü üçün kiçik bir biznes qurmaq niyyətində idi. İş yerində qazandığı təcrübəyə əsaslanaraq balaca bir restoran açmağı planlaşdırırdı. Son vaxtlar öz arzularından, xəyallarından, planlarından tez-tez danışırdı...



Lakin ən üstün olan Vətənin çağırışı idi və Əbülhəsən də 2020-ci il sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsindən gələn çağırışla səfərbərliyə alınıb. Dostları ilə görüşüb ayrılanda “inşallah Aprel döyüşlərində başladığımız işi tam şəkildə başa çatdırıb qayıdacağam” , deyib.

Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak etdi. Atası Balaş kişi də arxa cəbhədə orduya dəstək kampaniyasına qoşuldu. O, şəxsi avtomaşını ilə cəbhə bölgəsinə ərzaq daşıyır, qələbə naminə əlindən gələn köməkliyi göstərməyə çalışırdı. Füzulinin cəbhəyanı kəndlərində hamı onu arxa cəbhənin ən fəal könüllüsü kimi tanıyırdı. Əsgər atası burda həm də düşmənlə döyüşə girən oğlu haqqında məlumat əldə edə bilirdi.



Ailəsi Əbülhəsənlə sonuncu dəfə sentyabrın 28-də danışıb. “Hər şey yaxşıdır, heç bir çətinlik yoxdur. Buraların təbiəti çox xoşuma gəlir, gözəl yerlərdir, müharibə başa çatandan sonra burada qalıb yurd salacağam” , deyib. Bu, Əbülhəsənin Vətən müharibəsində evlərinə son zəngi, sən telefon danışığı olub...

Həmin zəngdən bir gün sonra Balaş kişi həm oğlundan xəbər tutmaq, həm də əsgərlərimizə dəstək olmaq üçün yenidən cəbhəyə yollanıb. Füzuli istiqamətində gedən qızğın döyüşlər vaxtı oğlu barədə heç bir məlumat ala bilməyən Balaş Eyvazov narahat olmağa başlayıb. Qoşunların təmas xəttindəki mövqelərə gedib-gələn döyüşçülərdən onun haqqında heç bir məlumat öyrənə bilmir. Balaş kişi hərbçilərlə birlikdə axtarışa çıxıb. Yalnız düşmən qüvvələri məğlubiyyətə uğrayıb, geri çəkildikdən sonra irəliyə gedib döyüş meydanında qəhrəmancasına həlak olan əsgər və zabitlərin nəşini oradan çıxarmaq mümkün olub. Oktyabrın 28-də döyüş mövqeyindən çıxarılan şəhidlərin arasında ata öz oğlunu tanıyıb. Məlum olub ki, Əbülhəsən Füzuli rayonu ərazisində yerləşən "bunker" adlanan yerə yaxın ərazidə gedən döyüşlərdə son nəfəsinədək qəhrəmancasına döyüşərək şəhid olub.



Oktyabrın 29-da onun nəşini Bakıya gətiriblər. Vətən fədaisi ertəsi gün Suraxanı rayonu ərazisindəki “Dədə Qorqud” qəbristanlığında dəfn edilib.



Eyvazov Əbülhəsən Balaş oğlu Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə, ölümündən sonra "Vətən uğrunda" "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.



Şəhidimiz müharibəyə yollanmamışdan 2 ay əvvəl özünə maşın da alıb. Şəhid olandan sonra atası maşını satmaq istəsə də, anası razı olmayıb, “Oğlumun maşını qapıda, gözümün qabağında qalsın”,- deyib.



Balaş kişi oğlunun cəbhəyə yollanmamışdan əvvəl çalışdığı iş yerindən də razılıq edir:

“Sağ olsunlar, bu günə qədər bizi yaddan çıxarmayıblar. “Mangal Steak House” restoranının rəhbəri daim ailəmizin vəziyyəti ilə maraqlanır. İş yoldaşları, tez-tez zəng edirlər, yardım göstərirlər. Əbülhəsənin fotosunu böyüdüb həm ofisdə, həm də restoranda gözəgəlimli yerdə qoyublar. Baş aşpaz restorandakı işini ona etibar edirdi, oğlum da etimadı doğruldurdu. İndi də hərdən oğlumun iş yerinə gedirəm, oradakı işçilər Əbidən ötrü göz yaşları tökür... O qədər mehriban və şirindil uşaq idi ki! Restoranın rəhbərliyi Əbülhəsənin aylıq maaşını adına açdığımız kart hesabına göndərir. Allah işlərini avand eləsin, diqqətdən kənarda qoymurlar”.



Əbülhəsən yağışı sevirdi, əllərini yuxarı qaldıraraq özünü yağışın altında islatmağı xoşlayırdı. İndi Balaş kişi bunu dərin bir hüznlə xatırlayır: “Çağırırdım ki, niyə özünü isladırsan? Deyirdi ki, "Yağışın altında islanmaq başqa bir şeydir. Allahın rəhmətidir, adama rahatlıq verir!”