44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlarımızdan biri də Solnçyev Dmitriy Aleksandroviç oğludur. O, 1995-ci il aprelin 15-də Bakı şəhərində anadan olub. Milliyyətcə rus idi. Uşaq yaşlarında həm anasını, həm də atasını itirib. Bir bacısı var idi.
2001-2012-ci illərdə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2016-cı illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil alıb. Subay idi.
Dmitri Solnsev 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Nəsimi Rayon Hərbi Komissarlığına müraciət edib və Azərbaycan Ordusu sıralarına yazılıb.
Azərbaycan Ordusunun əsgəri olan Dmitri Solnsev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Dmitri Solnsev oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Dmitri Solnsev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına" medalları ilə təltif edildi.
Şəhidin bacısı Yuliya Solntseva onunla bağlı xatirələrini bölüşüb:
“Dmitri deyirdi ki, rus olsam da, Azərbaycanda yaşayıram, bura mənim torpağımdır, öz borcumu yerinə yetirməliyəm”.
Dmitri Solnçevin bacısı oğlu Anar Süleymanov deyir ki, Azərbaycan ərazisində yaşayan, dilindən, dinindən və millətindən asılı olmayaraq hər bir kəs Azərbaycanı müqəddəs vətəni bilməlidir:
"Mənim dayım Dmitri də Azərbaycanda yaşayan və Azərbaycanı sevən biri idi. O həmişə torpaqlarımızın işğalından söz düşəndə kədərlənir, ermənilərə qarşı xüsusi nifrət edirdi. Dayım ali məktəbi qırmızı diplomla bitirib və işləyirdi. Hər zaman Azərbaycan bayrağı ilə qürur duyurdu. Heç kimlə məsləhətləşmədən hərbi təlimlərə yazıldı və könüllü olaraq vətənə xidmətə yollandı. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində törətdiyi təxribatların qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin tərkibində döyüşə atılıb və şəhid oldu. Mənim dayım mənim üçün nümunədir, qürur mənbəyidir. Bu gün mən də Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün canımdan keçməyə hazıram. Dayım döyüşlərdə şücaəti ilə seçilib. Hamımız Azərbaycan torpaqları uğrunda döyüşməyə hazır olmalıyıq. Qarabağ Azərbaycandır".