Vətən müharibəsi şəhidi Şəmsəddin Adil oğlu Vəliyev 22 yanvar 2001-ci ildə Sabirabad rayonunun Dadaşbəyli kəndində dünyaya göz açıb.
Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət müddətini davam etdirib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Şəmsəddin Vəliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəmsəddin Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.