Ramazan Göydağlı 4 fevral 1997-ci ildə Culfa rayonunun Kırna kəndində dünyaya göz açıb. "Göydağlı" soyadı ona Ordubad rayonunun Nürgüt kəndindəki Göydağın şərəfinə verilib.
İlk təhsilini 2003-cü ildə Culfa rayon Kırna kənd tam orta məktəbində alan Ramazan 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı ildə hərbi xidməti bitirib və bir sıra fərqli sahələrdə işləməyə başlayıb. O, bu müddət ərzində Azərbaycanda, həmçinin Türkiyə və Qazaxıstanda da müxtəlif işlər üzrə təcrübə qazanıb.
Bir neçə illik iş təcrübəsindən sonra 2020-ci ilin 5 sentyabrında Ramazan Göydağlı MAHHXHQ əsgər olub, bununla da hərbi fəaliyyətinə yenidən başlayıb. Vətən Müharibəsi başlayan vaxt hərbi kursu təzəcə bitirən MAHHXHQ əsgər Ramazan Göydağlı 15 oktyabrdan döyüşlərə və hərbi əməliyyatlara qoşulub. Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda döyüşlərdə döyüş tapşırığını yerinə yetirib. MAHHXHQ əsgər Ramazan Göydağlı Xocalı rayonunun bir neçə kəndi istiqamətində gedən döyüşlərdə də iştirak edib, 28 oktyabr 2020-ci ildə Xocalı rayonunun Çanaqçı kəndi uğrunda davam edən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ramazan Göydağlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən,Ramazan Göydağlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Ramazan müharibənin getdiyi müddətdə yoldaşına son dəfə bu sözləri söyləyib:
“Mən bura şəhid olmağa gəlmişəm.”
Sosial şəbəkədə paylaşdığı mesaj da bu yolda canını hər an fəda etməyə hazır olduğunun göstəricisidir.
“Bizi böyük sınaqlar gözləyir. Əgər biz bu sınaqları keçsək, Allahın izni ilə cənnətə gedəcəyik...”